Noyabrın 7-də gecə saatlarında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğunun binası atəşə tutulub. Zərər çəkən olmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu il 6 noyabrdan 7 noyabra keçən gecə Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası odlu silahdan atəşə tutulub.
“Konsulluğun binasının qapısına və pəncərələrinə 6 atəş açılıb. Gecə saatlarında binada heç kəs olmadığı üçün Konsulluğun əməkdaşları arasında zərər çəkən olmayıb. Qeyd etmək istərdik ki, Fəxri Konsulluğun kameraları hücum edən şəxsin 2 nəfər olduğunu qeydə alıb.”
Nazirlik bildirir ki, konsulluğun binasına hücumla bağlı Xarkov şəhəri polisi tərəfindən cinayət işi başlanılıb.
“Son zamanlar Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı radikal erməni qüvvələri tərəfindən davamlı təhdidlərin edildiyini nəzərə alaraq, Xarkovdakı Fəxri Konsulluğumuza edilən bu hücum məhz bu təhdidlər kontekstində nəzərdən keçirilməlidir,” nazirliyin bəyanatında deyilir.
Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulmasını qətiyyətlə pislədiyini bildirib.
Ukrayna polisi ölkə ərazisindəki Azərbaycan və Ermənistan nümayəndəliklərini xüsusi mühafizəyə götürdüyünü bildirib. Ukrayna Daxili İşlər Naziri İqor Klimenko deyib ki, konsulluğa atəş açanların tapılması məqsədilə işlər aparılır.