Axısqa türkləri illər boyu yoxsulluq, diskriminasiya və haqsızılıqlara üzləşiblər. Əslən Gürcüstanın Məsxət bölgəsindən gələn bu subetnik qrup İkinci Dünya Müharibəsində İosif Stalinin repressiyaları nəticəsində Gürcüstandan Özbəkistanın Fərqanə vadisinə sürgün edilmişdi. 1989-cu ildə Fərqanədə yerli əhalinin basqıları Axısqa türklərinin ikinci dəfə yurdlarından qaçqın düşməsinə yol açdı. Sabiq sovet məkanının müxtəlif guşələrinə səpələnən axısqa türklərinin bir qismi ötən onillikdə ABŞ Dövlət Departamentinin başlatdığı qaçqın proqamı çərçivəsində Birləşmiş Ştatlarda yerləşdirilib.
Mən bura gəlib, amerikalıların içinə düşdüyüm ilk gündən çox sağ olsunlar çox yaxşı qarşıladılar, çox yaxşı insanlardır. Hər biri yardım etdi. Bu millətin sevdiyim tərəfi odur ki, heç bir zaman sənə gülmürlər. Rusiya da isə bizə çox gülürdülər.Adilə Tursunova
“Orada 1989-dan 2006-ci ilədək bizi insan yerinə qoyan olmadı. Hər nə olsa ilk bizim başımıza gəlirdi. Bir şey olanda “kim etdi? Bunlar etdi” deyirdilər çünki bizim əlimizdə pasportumuz yox idi,” deyə Adilə Tursunova bildirir.
Adilə Tursunova Merilend ştatının Heyqerstaun şəhərində iri Axısqa Türkləri icmasının üzvüdür. Amerikanın Səsinə danışan Adilə Özbəkistandakı Fərqanə poqromundan Rusiyanın Krasnodar əyalətinə köçdüklərini, lakin orada da adi vətəndaş xidmətlərindən məhrum olduqları üçün uzun illər əziyyət çəkdilərini deyir.
Adilə kimi əksər Axısqa türkləri Merilendə 2004-cü ildən başlayaraq ABŞ hökümətinin qaçqın yerləşdirmə proqramı altına yerləşdiriliblər.
ABŞ dövlətinin onlara yardım məqsədilə qaçqın proqramı başlatması ilə ömür boyu əziyyət çəkən, getdikləri heç bir yerdə istənməyən bir çox axısqa türklərinin həyatı dəyişdi. Birləşmiş Ştatlarda onlar açıq qucaqla qarşılandı.
“Mən bura gəlib, amerikalıların içinə düşdüyüm ilk gündən çox sağ olsunlar çox yaxşı qarşıladılar, çox yaxşı insanlardır. Hər biri yardım etdi. Bu millətin sevdiyim tərəfi odur ki, heç bir zaman sənə gülmürlər. Sözləri səhv deyirsən, anlata bilmirsən, amma yenə də gülmürlər. Rusiya da isə bizə çox gülürdülər,” deyə Adilə xanım bildirir.
Burada çalışırıq ki, hamımız bir yerdə olaq. Öz dilimizi, adət-ənənəmizi övladlarımıza, onlar da öz övladlarına öyrətsin ki bu davam etsin, yox olmasın. Amerikanın təhlükəli tərəfi odur ki, burada bunları itirmək çox asandır.Qafur Tursunov
Axısqalıların Amerikada yeni həyata başlamalarına, buradakı həyat tərzinə uyğunlaşmalarına ilk yardım edən əsasən burada yerləşən dini icmalar olub.
“Biz qaçqın olaraq gəldik, qaçqın proqramı vasitəsilə. Bizə yardım edən onlar idi. Hər şeyimizi onlar edirdi. Hər gün bizi maşınları ilə dil öyrənmək üçün kurslara, həkimlərə aparan kilsə üzvləri idi,” deyə Qafur Tursunov bildirir.
Tursunovlar ailəsi ilə birlikdə digər qaçqınlara da yardım edən Con Vesli Birləşmiş Metodist Kilsəsinin könüllü üzvü Betti Uilson deyir ki, yeni bir ölkəyə yerləşməyin çətinliklərinə baxmayaraq bu ailələr Amerikaya gəlmələrindən məmnun idilər.
“Fikrimcə onlar buraya gəldiklərinə görə xoşbəxt idilər. Təbii ki, yeni ölkəyə köçəndə uyğunlaşma zaman alır, amma onlar yaxın ailə üzvləri ilə gəldikləri üçün bu onların buradakı həyata öyrəşmələrinə yardım etdi. Ancaq yenə də iş tapmaq, dil öyrənmək kimi xırda narahatlılqra da var idi,” deyə Betti bildirir.
Fikrimcə onlar buraya gəldiklərinə görə xoşbəxt idilər. Təbii ki, yeni ölkəyə köçəndə uyğunlaşma zaman alır, amma onlar yaxın ailə üzvləri ilə gəldikləri üçün bu onların buradakı həyata öyrəşmələrinə yardım etdi. Ancaq yenə də iş tapmaq, dil öyrənmək kimi xırda narahatlılqra da var idi.Betti Uilson
İndi fərqli bir mədəniyyətdə yaşayan axısqalılar burada öz adət-ənənələrini qoruyub saxlamağa çalışırlar. Onlar üçün həyat burada daha rahat olsa da, övladlarının məktəblərdə gördüyü tərbiyənin bir az yad olduğunu deyirlər və onların öz mədəniyyətlərinə sahib çıxmalarını təmin etmək üçün əllərindən gələni edirlər.
“Burada çalışırıq ki, hamımız bir yerdə olaq. Öz dilimizi, adət-ənənəmizi övladlarımıza, onlar da öz övladlarına öyrətsin ki bu davam etsin, yox olmasın. Amerikanın təhlükəli tərəfi odur ki, burada bunları itirmək çox asandır,” deyə Qafur bəy bildirir.
Buna baxmayaraq onlar Amerikaya gəldiklərinə görə peşman deyillər, amma darıxdıqları bir şey varsa o da arxada qalan qohumlarıdır.