"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin informasiya blokadası səkkizinci gündür davam edir. Dünən onun WhatsApp və Telegram-dakı hesabları ələ keçirilib."
Bu barədə AXCP-nin bəyanatında deyilir.
AXCP bunun Azercell mobil rabitə operatorunun iştirakı olmadan baş verə bilməyəcəyindən əmindir.
"Hesablara giriş kodları başqa necə hakerlərin əlinə düşə bilər?" bəyanatda bildirilir.
Bununla yanaşı, sənəddə deyilir ki, AXCP fəallarının Facebook-dakı hesablarına haker hücumları davam edir.
“AXCP bütün bunların arxasında ölkə hakimiyyətinin durduğundan əmindirlər,” sənəddə qeyd edilir.
Azercell şirkəti Kərimlinin internet və mobil rabitədən istifadə imkanının məhdudlaşdırılmasına münasibət bildirməyib. Ölkə hakimiyyəti də hələ ünvanına səslənən ittihamlara şərh verməyib.
Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli qeyd edir ki, internetdə ən çox qorunan məxfi məlumatlar belə sındırıla bilər. Bu zaman mobil telefonlara bağlı olan WhatsApp, Telegram, Signal kimi messencerlər elektron poçtdan daha zəifdir.