Accessibility links

AXCP sədrinin mühafizəçisi ittihamları qəbul etmir


Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Məhkəmə iclas zalına media nümayəndələri buraxılmayıb.

Hüquq müdafiəçisi Zəfər Əhmədov bildirib ki, bugünkü məhkəmə prosesində terroru maliyyələşdirmədə ittiham olunan Niyaməddin Əhmədov ifadə verib.

O, ifadəsində bir daha ittihamlarla razılaşmadığını bildirib.

Terror maliyyələşməsi var idisə, hanı o terrorun maliyyələşməsi?

“Bir daha sübut olundu ki, ittiham tərəfi öz itthamını elan edəndə heç bir əsaslı dəlil olmayıb. Əgər orada terror varsa, hanı bu terror? Terror maliyyələşməsi var idisə, hanı o terrorun maliyyələşməsi? ” Əhmədov sual edib.

Məhkəmə prosesini izləməyə gələnlər arasında AXCP sədri Əli Kərimli də olub.

Eli Kerimli
Eli Kerimli

“Aprelin 13-də mən canlı yayım açarkən internetim kəsilmişdi. Narahat olub evimə gələn cəbhəçilərdən biri də Niyaməddin idi. O mənim evimdən çıxdıqdan sonra izləməyə başlayıblar və nəhayət aprelin 15-də həbs ediblər. Onu əvvəl inzibati qaydada həbs etsələr də, daha sonra ağır maddələrlə ittiham olunub. Onların əsas məqsədi mənə qarşı növbəti qurama ittiham irəli sürmək olub. Tələb ediblər, o desin ki, Qabil Məmmədovdan pul alıb mənə çatdırıb. Məlum olub ki, Niyaməddinin Qabilə bir miqdar borcu olub. O, borcunun bir hissəsini ödəsə də bir qismi qalıb. Onlar bundan istifadə edərək Niyaməddinə olduqca ağır işgəncələr veriblər. Ona verilən işgəncələri ifadə edə bilmirəm. Niyaməddin Əhmədov bütün işgəncələrə rəğmən yalan ifadə verməyib,” Kərimli qeyd edib.

Bu gün mən dinlədikcə sanki fikirləşirdim ki, bu hansısa Gestaponun istintaqıdır. Azərbaycan hakimiyyətinin yox, 21-ci əsrdə Azərbaycanda Avropa Şurasının üzvü olan ölkədə yox, 20-ci əsrdə Hitler Almaniyasında baş verib.

"Niyaməddin Əhmədova olduqca dəhşətli işgəncələr verilib. Bu gün mən dinlədikcə sanki fikirləşirdim ki, bu hansısa Gestaponun istintaqıdır. Azərbaycan hakimiyyətinin yox, 21-ci əsrdə Azərbaycanda Avropa Şurasının üzvü olan ölkədə yox, 20-ci əsrdə Hitler Almaniyasında baş verib. Adama elə işgəncələr veriblər, onun hamısını ifadə edə bilmirəm. O cümələdən, onun ləyaqətini alçaltmaqla ciddi şəklildə təhdid ediblər. Bir tələbləri olub ki, Əli Kərimliyə qarşı saxta ifadə ver. Niyaməddin Əhmədov böyük bir dəyanət göstərib. Açıq deyib ki, mənim üçün ən böyük ləyaqətsizlik adamları şərləməkdir. Ona görə də mən hər şeyi gözə almışam. Mən yalan ifadə verməyəcəm. O, gerçəkdən bir igiddir. O dözüb, məni şərləməyib. Mən çox təəssüf edirəm ki, artıq neçənci adamdır ki, ağır işgəncədən keçir. Allah da şahiddir ki, günahkar mən deyiləm. Bizim Azərbaycan xalqının taleyidir ki, belə bir əzazil, qeyri-insani idarəetmə ilə üz-üzəyik. Azərbaycan hakimiyyəti bundan qurtulmalıdır,” o qeyd edib.

Növbəti məhkəmə prosesi martın 19-da şahid ifadələri ilə davam edəcək.

Niyaməddin Əhmədov nədə ittiham olunur?

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Niyaməddin Əhmədova Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28,281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlara etməyə hazırlıq) və 233-1.2.1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) maddələri ilə ittiham elan olunmaqla, barəsində həbs-qətimkan tədbiri seçilib.

Əhmədova qarşı cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası ittihamları əsassız və absurd hesab edir.

"Bu cür üsullarla Niyaməddin Əhmədovdan, AXCP-dən, partiyanın sədri Əli Kərimlidən qisas almaq məqsədi güdürlər. Milli Şuranın 2019-cu il oktyabrın 19-da keçirdiyi mitinqdə Əli Kərimli həbs olunan ana qədər Niyaməddin Əhmədov onun yanında olub. Ondan bunun qisasını alırlar. AXCP-yə və Əli Kərimliyə qarşı qisasçılıq, repressiyalar illərdir davam edir," AXCP bildirib.

Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-da Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

AXCP-nin məlumatına görə, aprelin 28-də fəal saxlanıldığı Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb və ağır işgəncələrə məruz qoyulub.

İşgəncələr təkzib olunur

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat "uydurma xarakterlidir".

Mayın 16-da inzibati həbs müddəti başa çatdıqdan sonra Niyaməddin Əhmədova qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, Qabil Məmmədov adlı şəxsin Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, "Məmmədovun hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Niyaməddin Əhmədova müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib, həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb,” məlumatda deyilir.

Baş Prokurorluq ittihamın ibtidai istintaqda sübut olunduğunu bildirir.

Əhmədovun həbsi prezident İlham Əliyevin müxalifəti kəskin tənqidlərindən sonraya təsadüf edib.

AXCP həbsi siyasi sifariş hesab edir

AXCP sədri Əli Kərimli bildirib ki, Niyaməddin Əhmədovun terrorçuluğun maliyyələşdirilməsi kimi "ağır, gözlənilməz cinayətdə ittihamı sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir".

XS
SM
MD
LG