Accessibility links

AXCP sədrinin köməkçisi cərimə edilib


Faiq Əmirli
Faiq Əmirli

Dekabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli polis tərəfindən saxlanılıb.

Bu barədə onun həyat yoldaşı Lalə Əmirli məlumat verib.

Onun sözlərinə görə, dekabrın 14-dən etibarən karantin qaydaları sərtləşəcəyi üçün Faiq Əmirli şənbə günü bərbərə gedib və bu zaman polislər karantin qaydalarını pozmasını əsas gətirərək onu bölməyə aparıblar.

Lalə Əmirli bu işin qurama olduğunu düşünür və yoldaşının əvvəllər də əsassız saxlanıldığını deyir.

DİN-dən verilən məlumata görə, dekabrın 12-də karantin rejimini pozan bərbərxana aşkarlanıb.

Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakinləri - bərbər Alıyar Məmmədovun 400 manat, karantin qaydalarını pozan müştəri Faiq Əmirlinin isə 200 manat məbləğində cərimə olunaraq, sərbəst buraxıldıqları deyilir.

Faiq Əmirli maska taxmadığına görə cərimələndiyini bildirir.

Faiq Əmirli bundan öncə də karantin dövründə iki dəfə inzibati cəza alıb. Birinci dəfə o, aprelin 8-də də saxlanmışdı. AXCP sədrinin köməkçisi İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə karantin rejimini pozmaqda günahlandırılaraq 30 sutka inzibati həbs almışdı.

Daha sonra o, mayın 25-də inzibati qaydada 15 sutka həbs olunmuşdu. Faiq Əmirli İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin (Xırda xuliqanlıq) pozulmasında təqsirli bilinirdi.

O zaman partiyanın 10-dan artıq fəalı saxlandığına görə AXCP bunu partiyaya qarşı təzyiq kimi qiymətləndirmişdi.

XS
SM
MD
LG