Accessibility links

AXCP iki fəalının taleyindən narahatdır


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalları Niyaməddin Əhmədovun Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən Dövlət Təhlükəsizliyi Xidmətinə aparıldığını və Səid Məmmədzadənin (Bakuvi) Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını bildirir.

AXCP-nin məlumatında deyilir ki, Niyaməddin Əhmədovun 30 sutkalıq həbs müddəti mayın 15-də bitməsinə baxmayaraq hələ də azadlığa buraxlılmayıb.

“Rəsmi qurumlar fəalın hansı səbəbdən DTX-ya aparılması barədə məlumat vermir. Digər fəal Səid Məmmədzadə (Bakuvi) isə artıq 48 saatdan çoxdur ki, saxlanılıb. Onun nədə günahlandırıldığı barədə hər hansı məlumat verilmir,” AXCP-nin məlumatında deyilir.

Səid Məmmədzadənin saxlanılması facebook səhifəsində hökuməti və yüksək vəzifəli rəsmi şəxsləri kəskin tənqidindən sonraya təsadüf edir.

AXCP sədrinin müavini Seymur Həzi bildirib ki, bu, hakimiyyətin AXCP sədri Əli Kərimliyə və ətrafına repressiyanın davamıdır.

“Niyaməddin bəyə işgəncə verilib, bundan sonra onun inzibati həbsi bitən kimi DTX ya aparılması çirkin planlardan xəbər verir,” o qeyd edib.

Niyaməddin Əhmədov
Niyaməddin Əhmədov

Aprelin 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası aprelin 28-də (AXCP) bu partiyanın sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun işgəncəyə məruz qaldığını bildirib.

AXCP-nin məlumatına görə, aprelin 16-da inzibati qaydada həbs olunan Əhmədov aprelin 28-də səhər saat 11 radələrində saxlanıldığı Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb.

"Niyaməddin Əhmədov özü yaxınlarına məlumat ötürüb ki, onu harasa aparıb küçə söyüşləri ilə müşayiət olunan işgəncələrə məruz qoyublar. Ondan tələb olunub ki, Əli Kərimlidən pul aldığı haqda ifadə versin. Təxminən saat 23-də istədiklərinə nail olmadıqlarını görüb onu Saxlanma Məntəqəsinə qaytarıblar. Hazırda təkadamlıq kamerada saxlanılır," AXCP-nin aprelin 29-da yaydığı məlumatda deyilir.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat uydurma xarakterlidir.

XS
SM
MD
LG