Accessibility links

AXCP fəalının harada saxlanıldığı bilinmir


Aqil Hümbətov və Tofiq Yaqublu
Aqil Hümbətov və Tofiq Yaqublu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətovun ailəsi onun taleyindən narahatdır, çünki hüquq-mühafizə orqanları onun saxlanma yeri barədə məlumat vermir.

“Aqil avqustun 11-də saxlanılıb. Ertəsi gün Xəzər rayon Polis İdarəsində mənə dedilər ki, sabah, yəni avqustun 13-də o, Şüvəlan təcridxanasına (3 saylı İstintaq Təcridxanası-red) köçürüləcək. Ancaq Aqilin indi harada olduğu, hansı konkret səbəblə ittiham edildiyi, həbs edilməsi üçün məhkəmə qərarının olub-olmadığı məlum deyil,” fəalın həyat yoldaşı Aygün Hümbətova Amerikanın Səsinə deyib.

O, həyat yoldaşının bir qəsəbə sakinini bıçaqladığı üçün saxlanılması barədə polisin iddiasına inanmır.

Aygün Hümbətova hesab edir ki, həyat yoldaşı sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün təqib olunur.

"Həbs ərəfəsində Aqilin Facebook səhifəsi sındırılıb və uşaq müavinətlərinin təyin edilməsini tələb etdiyi video müraciət silinib," o qeyd edib.

Hümbətova qeyd edib ki, həyat yoldaşı əvvəllər böhtan atılaraq həbs edilib. Belə ki, keçən il bir qadının yalan ifadəsinə əsasən, Aqil psixiatrik xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Hümbətovun Zirə kənd sakini Yamən Məmmədovu bıçaqladığı üçün saxlanıldığını bildirmişdi. Hadisə avqustun 11-də baş verib.

Aqil Hümbətov iqtidarın tənqidçisi kimi tanınır. O, bundan öncə də saxlanılıb, iki dəfə psixiatriya xəstəxanasına salınıb.

Belə ki, Hümbətov 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb olduğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

Bundan sonra Hümbətov 2020-ci ilin aprelində və iyununda Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

XS
SM
MD
LG