"Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş, hazırda həbsdə olan Niyaməddin Əhmədovun ailəsi ilə telefon əlaqəsinə və görüşünə imkan verilmir."
Bu barədə AXCP məlumat yayıb.
“Siyasi məhbus AXCP fəalı və partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov yenidən məhkəməyə müraciət edib. O, ailə üzvlərilə telefon danışığı və görüş hüququnun təmin olunmasını istəyir. Atası Arif Əhmədov bildirib ki, oğlu ilə 9-cu aydır ki, heç bir əlaqə yarada bilmirlər: “Müraciət etmədiyimiz yer qalmayıb, nəticə yoxdur. Gənc bir adamı heç bir günahı olmadan həbs ediblər, işgəncə veriblər, adicə anasıyla danışmasını da çox görürlər. Doqquzuncu aydır ki, günahsız bir adamı doğmalarının səsinə də həsrət qoyublar,” AXCP bildirir.
AXCP-nin yaydığı məlumatla bağlı Penitensiar Xidmətdən məlumat almaq mümkün olmayıb.
Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-da Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.
AXCP-nin məlumatına görə, aprelin 28-də fəal saxlanıldığı Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb və ağır işgəncələrə məruz qoyulub.
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat "uydurma xarakterlidir".
Mayın 16-da inzibati həbs müddəti başa çatdıqdan sonra Niyaməddin Əhmədova qarşı Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, Qabil Məmmədov adlı şəxsin Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlumata görə, Məmmədov hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Niyaməddin Əhmədova müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb,” məlumatda deyilir.
AXCP fəalının həbsi prezident İlham Əliyevin müxalifəti kəskin tənqidlərindən sonraya təsadüf edib.
AXCP sədri Əli Kərimli bildirib ki, Niyaməddin Əhmədovun terrorçuluğun maliyyələşdirilməsi kimi ağır, gözlənilməz cinayətdə ittihamı sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir.
Ötən il noyabrın 19-da Bakının Nəsimi rayon Məhkəməsi Niyaməddin Əhmədovun barəsində seçilmiş həbs qətimklan tədbirinin müddətini daha beş ay, 2021-ci il aprelin 23-dək uzadıb.