Accessibility links

AXCP fəalı daha bir ay Psixiatriya Xəstəxanasında saxlanılacaq


Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətov daha bir ay 1 saylı Psixiatriya Xəstəxanasında saxlanılacaq.

Bu barədə Hümbətovun həyat yoldaşı Aygün Hümbətova Amerikanın Səsinə bildirib.

"Aqil aprelin 29-da evə zəıng etmişdi. Dedi ki, mayın 1-də onu komissiya edib evə buraxacaqlar. Əgər evə buraxmasalar aclıq aksiyasına başlayacaq. O, aclığa başlayacağını deyən kimi telefonu qapatdılar və burada danışığımız kəsildi. Dünən, mayın 2-də gözlədim, sonra özüm xəstəxanaya zəng etdim. Xəstəxanadan dedilər ki, Aqil hələ sağalmayıb, daha bir ay xəstəxanada qalacaq. Sual etdim ki, bir aydan sonra evə buraxılacaq? Bu zaman telefonu qapatdılar," Aygün Hümbətova qeyd edib.

Məsələ ilə bağlı 1 saylı Psixiatriya Xəstəxanasından hələ münasibət öyrənmək mümkün olmayıb.

AXCP fəalı martın 30-da saxlanılıb və Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Aprelin 1-də o, sərbəst buraxılıb. Aqil Hümbətov sərbəst buraxıldıqdan sonra Facebook-da canlı yayımda ölkə başçısına müraciət edib. O, müraciətində sərt tənqidi ifadələr işlədib. Müxalifətçi kimi durumunun ağırlığını, şərlənərək Psixiatriya Xəstəxanasına salındığını, xəstəxanada durumun acınacaqlı olduğunu bildirib.

“Xəstəxanadakı durum barədə ictimaiyyətə məlumat vermək mənim insanlıq borcumdur. 1 saylı Psixiatriya Xəstəxanasında vəziyyət çox acınacaqlıdır, antisanitariyadır. Orada olan xəstələr çox ağır vəziyyətdə saxlanılır. Xəstələrlə insan kimi davranmırlar, xəstələrə daş daşıdırlar, onları işlədirlər. Mən qoca xəstəyə ağır kubik daşıtdırdıqlarını gördüm. Kubiki götürməyə gücü belə çatmırdı. Düzdür həkimlərin mənə kobud hərəkəti olmadı. Amma orada olduqca acınacaqlı bir vəziyyətdir. Xəstlərin sanitar qovşağı tam antisanitariyadır. Adam oraya girə bilməz. Orada virus mənim işlədiyim zibilxanadan çoxdur. Allahdan qorxun. Orada vəziyyəti düzəldin. Yeməklərdə istifadə edlilən əti it də yeməz. Xəstələri işlətməyin. Oranı təmir etdirin. Orada ən böyük virus, xəstəlik tüğyan edir,” Aqil Hümbətov qeyd edib.

Onun aprelin 2-də yenidən psixiatriya xəstəxanasına aparılması tənqidi çıxışından sonraya təsadüf edir.

AXCP fəalın saxlanılmasını və təkrarən psixiatriya xəstəxanasına yerləşdirilməsini sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb oluğunu bildirib.

Rəsmi qurumlar Hümbətovun xəstəxanadakı durumla bağlı dediklərinin həqiqətə uyğun olmadığını bildirib.

AXCP fəalı bundan öncə də saxlanılıb.

Hümbətov 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib. AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb oluğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

XS
SM
MD
LG