Accessibility links

AXCP fəalının məhkəməsi olub, qərar bir həftə sonra elan ediləcək


Aqil Məhərrəmli
Aqil Məhərrəmli

Dekabrın 29-da Bakının Xəzər Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvü Aqil Məhərrəmlinin cəzasının qanunvericilikdəki dəyişikliyə uyğunlaşdırılıb azaldılması üçün verilən ərizəyə baxılıb.

Hakim Tərlan Əkbərovun sədrliyilə keçirilən məhkəmə iclasına Məhərrəmli saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsindən on-line qatılıb.

O bildirib ki, Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq) və 193-1 (cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma) maddələrilə ona verilən ittihamlar əsassızdır.

“Mənə hər hansı cinayət törətmədiyim halda cəza veriblər,” o qeyd edib.

Aqil Məhərrəmli deyib ki, o, sadəcə, siyasi məhbus ailələrinə yardım məqsədilə göndərilmiş vəsaiti çatdırıb.

“Mənə göndərilib, mən də çatdırmışam. Mən o puldan bir manat da gəlir əldə etməmişəm. Mənim əməlimdə cinayət tərkibi yoxdur”.

AXCP fəalı qanunvericiliyin yumşaldılması nəticəsində yaranan imkanın tətbiq olunmasını istəyib.

Prokuror ərizənin təmin olunmamasını, Məhərrəmli barədə hökmün dəyişdirilmədən saxlanmasını istəyib.

Məhkəmə qərarın oxunmasını bir həftə sonraya saxlayıb.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, bu təşkilatın Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə məlumatında deyilir ki, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra hakimiyyəti başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Məlumatda Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş partiya fəallarının həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. Onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Eldar İsmayılovun sədrliyi ilə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu (o Rusiya vətəndaşıdır) 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədr əvəzi Babək Həsənovu 3 il həbsə məhkum edib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb.

XS
SM
MD
LG