Accessibility links

AXCP fəalı saxlanılıb


Noyabrın 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Şahin Hacıyev Gəncə şəhərində polis tərəfindən saxlanılıb.

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasından Amerikanın Səsinə bildiriblər.

Məlumatda deyilir ki, onun evində axtatış aparılıb.

"Bizdə olan məlumata görə, ona narkotik ittihamı ilə cinayət işi açmaq istəyirlər. Sadəcə olaraq o, etirafedici ifadə vermədiyindən ittihamı hələ elan edə bilmirlər,” AXCP bildirir.

AXCP sədri Əli Kərimli hesab edir ki, Şahin Hacıyev siyasi fəaliyyətinə görə həbs olunub.

“Şahin bəy təkcə bu il polis tərəfindən dəfələrlə saxlanılıb, 2 dəfə inzibati qaydada 30 sutka müddətinə həbs olunub. Şahin bəyin polis tərəfindən daimi təqib altında olması onun sosial şəbəkələrdə yazdığı sərt tənqidi qeydlərlə bağlıdır. Bizə çatan məlumatlara görə, Şahin bəyi bu dəfə daha ciddi cəzalandırmaq - cinayət ittihamı ilə şərləmək istəyirlər. Rejimi bu cinayəti törətməməyə çağırıram. Bəli, hətta sərt tənqidçiləri də cinayətlə şərləmək özü cinayət törətməkdir. Unutmayın ki, müxalifətə, vətəndaşlara qarşı tətbiq etdiyiniz repressiyaların da hesabını bütövlükdə Azərbaycan ödəyir. Sizin repressiv siyasətə görə ölkəmiz bütün dünyanın qınağına məruz qalır, hörmətli, nüfuzlu toplantılardan kənarda saxlanılır. Sizin yaratdığınız repressiv mühitdən düşmən Azərbaycana qarşı istifadə edir,” Kərimli facebook səhifəsində qeyd edib.

Öz növbəsində, Daxili İşlər Nazirliyi Şahin Hacıyevin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığına dair mətbuatda gedən məlumatları təsdiqləyib.

"Hazırda araşdırma aparılır," nazirliyin mətbuat xidmətindən bildiriblər.

AXCP bildirir ki, bu il ərzində onlarla fəalı siyasi fəaliyyətinə görə inzibati qaydada həbs edilib. Hazırda bu partiyanın 8 fəalı cinayət təqibi ilə həbsdədir.

XS
SM
MD
LG