İyunun 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Eldəniz Ağayevə 30 sutka inzibati həbs cəzası verilib.
Bu barədə AXCP məlumat yayıb.
Məlumatda deyilir ki, Ağayevi iyunun 24-də iş yerindən polisə aparıblar.
Polisdə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin (polisin qanuni əmrinə tabe olmamaq) pozulmasına dair protokol tərtib edilib.
"Başa düşə bilmirik ki, iş yerində olan şəxs polisə necə müqavimət göstərə bilər?" AXCP suala edir.
Partiya hesab edir ki, Eldəniz Ağayev sosial şəbəkələrdə çox fəal idi və inzibati cəza alması bununla bağlı ola bilər.
Amma rəsmi qurumlar hələ Ağayevin həbsi ilə bağlı məlumat yaymayıb.
Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin altmışdan çox fəalı saxlanılıb. Onlardan 53 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri təkrarən inzibati həbsə məhkum edilib.
AXCP-nin 24 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə olunub.
Azərbaycan rəsmiləri insanların siyasi fəaliyyətlərinə görə təqib edilmədiyini bildirir və bununla bağlı tənqidləri qərəzli sayır.