Accessibility links

Avstriya Sloveniya ilə sərhəddə hasar çəkəcək


Məqsəd miqrant axının qarşısını almaqdır

Avstriya ölkəyə miqrant axının qarşısını almaq üçün Sloveniya ilə sərhəddə hasar inşa edəcəyini bildirib.

Daxili işlər naziri Coanna Mikl-Leitner məqsədin miqrant axınını qarşısının tamamilə alınması deyil, onların ölkəyə daxil olmasının nəzarət altında və nizamlı şəkildə həyata keçməsini təmin etmək olduğunu deyib. O həmçinin sərhədə daha çox polis göndərilməsinə çağırıb.

“Aylar boyu polis zabitləri uzun saatlar növbə ilə sərhədə nəzarət ediblər. İndi onların işini yüngülləşdirmək üçün mən daha 2 min polis işçisinin səfərbər edilməsini tələb etmişəm,”-deyə Mikl-Leitner bildirib.

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker üzv ölkələri İkinci Dünya Müharibəsindən bəri yaşanan ən dəhşətli miqrant böhranını həll etmək üçün ləng tərpənməkdə günahlandırır.

Çərşənbə axşamı Strasburqda çıxış edən Yunker Avropa İttifaqı üzvlərinin çox ləng hərəkət etdiyini və miqrant böhranının qarşısını almaq məqsədilə tez bir zamanda maliyyə toplamalı olduğunu deyib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının bildirdiyinə görə, bu il Avropaya Yaxın Şərq, Afrika və Asiyada yoxsulluq və müharibədən qaçan 700 mindən çox miqrant pənah gətirib.

XS
SM
MD
LG