Accessibility links

Avstraliya iqtisadiyyatı COVID-19 nəticəsində tənəzzülə uğrayıb


Avstraliya rəsmiləri 1990-cı illərin əvvəllərindən bəri ölkənin ilk dəfə tənəzzülə uğradığını bildirib. COVID-19-un yayılmasını dayandırmaq üçün tətbiq olunan karantin və məhdudiyyətlər iqtisadiyyatın əksər sektoruna təsir edib, yüz minlərlə iş yerləri itirilib.

Avstraliyanın xəzinədarı bunun ölkənin son on illərdəki ən ağır böhranı olduğunu deyib.

Avstraliya Statistika Bürosunun məlumatına görə, bu ilin ikinci rübündə ümumi daxili məhsulun həcmi yeddi faiz azalıb. Vəziyyət bir çox iqtisadçının proqnozlaşdırdığından daha ağırdır.

Koronavirus pandemiyası pərakəndə satışdan tutmuş turizm və restoran biznesinə, mədən işlərindən təhsilə qədər demək olar ki, hər sektora təsir edib. Bunun nəticəsində Avstraliya iqtisadiyyatı təxminən 30 ildən sonra ilk dəfə rəsmi olaraq tənəzzüldədir.

Rəsmilər gələcəkdə vəziyyətin daha ağır ola biləcəyini deyir. Belə ki, sərt məhdudiyyətlərin tətbiq edildiyi Viktoriya ştatında koronavirusun ikinci dalğası iqtisadiyyatın bərpasını gecikdirə bilər.

Mathias Cormann Avstraliya maliyyə naziridir. “İyunun sonu və iyulun əvvəllərinə nəzər salsanız, əlbəttə ki, biz doğru yolla gedirdik. İş yerləri bərpa olunur və iqtisadiyyatın bir çox sahəsində fəaliyyət artırdı. Lakin sonra Victoriyaya ikinci dalğa gəldi. Beləliklə, bizim üçün ən vacib məsələ Viktoriyadakı epidemiya ilə mübarizə aparmaq və iqtisadiyyatı mümkün qədər tez bir zamanda açmaqdır” - deyə, o bildirib.

Avstraliya 1990-cı illərin sonlarında Asiyanın maliyyə böhranından, ondan on il sonra isə qlobal kredit böhranından xilas olub. Buna ölkədəki mədən işləri və düzgün maliyyə idarəçiliyi yardım edib. Lakin koronavirus başlamazdan əvvəl quraqlıq və meşə yanğınları Avstraliya iqtisadiyyatını sarsıtmışdı.

XS
SM
MD
LG