Avstraliyanın paytaxtı Kanberra bir ildən çox müddətdən sonra ilk dəfə təsdiqlənmiş COVID-19 infeksiyası barədəki xəbərdən sonra, cümə axşamı dərhal yeddi günlük karantin elan edib.
Rəsmilər 20 yaşlarında bir şəxsin bazar günü Kanberrada yoluxduğu barədə xəbəri cümə axşamı elan edib. Sanitariya İdarəsinin Direktoru Kerrin Kolman daha sonra həmin şəxslə yaxın təmasda olan digər üç nəfərin də COVID-19 testinin müsbət çıxdığını bildirib.
İş, alış-veriş, xəstəxana və peyvənd, açıq havada məşqlər də daxil olmaqla, sakinlər vacib səbəblər olmadan bir həftə evlərini tərk edə bilməyəcək.
Kanberra COVID-19-un Delta variantının sürətlə yayılması səbəbindən karantin elan edən Sidney və Melburn şəhərlərinə qoşulub. Ən son yoluxma iyun ayında, Sidney aeroportunun limuzin sürücüsünün beynəlxalq hava limanı ekipajını aparmasından sonra COVİD testinin müsbət olması ilə başlayıb.
Bu arada, Rusiya rəsmiləri cümə axşamı COVID-19-dan bir sutkada 808 nəfərin öldüyünü bildirib.
Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, Rusiyada indiyə qədər 164 413 ölüm halı da daxil olmaqla, COVID-19-a 6,4 milyon təsdiqlənmiş yoluxma halı qeydə alınıb.
Yeni Zelandiyanın Baş naziri Jasinda Ardern cümə axşamı bildirib ki, ölkə koronavirus pandemiyasına qarşı əldə etdiyi müvəffəqiyyəti qorumaq üçün gələn ilə qədər sərhədlərini xaricilər üçün bağlı saxlayacaq.
Beş milyon əhalisi olan Yeni Zelandiya dünyanın COVID-19 virusundan ən yaxşı qorunan ölkəsidir. Qlobal epidemiyanı izləyən Cons Hopkins Universiteti bu ölkədə yalnız 2914 yoluxma, 26 ölüm halının qeydə alındığını bildirib. Bu uğurun böyük bir hissəsi Yeni Zelandiyanın son 18 ay ərzində sərhədlərini qeyri-sakinlər üçün bağlaması olub.
Vellinqtonda keçirdiyi mətbuat konfransında Ardern jurnalistlərə verdiyi açıqlamasında dünyanın hər yerində baş verən son infeksiyalar dalğası onun ölkəsinin doğru addım atdığını göstərir.