Accessibility links

Aİ prezidenti: Cənub qaz dəhlizi və Transxəzər kəməri strateji əhəmiyyət kəsb edir


Pezident İlham Əliyev və Aİ prezidenti Herman Van Rompey
Pezident İlham Əliyev və Aİ prezidenti Herman Van Rompey

Pezident Əliyev və Aİ prezidenti Herman Van Rompey iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyini müzakirə edib. Danışıqlarda Dağlıq Qarabağ və demokratiya məsələlərinə də toxunulub.

Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompey Azərbaycanda rəsmi səfərdədir.
Azərbaycanın prezidenti İlham Əliyev və Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompey bu gün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparıb.
Prezidentlər görüş başa çatdıqdan sonra mətbuat üçün bəyanatla çıxış edib.
Azərbaycan prezidentin rəsmi saytının məlumatına görə, İ.Əliyev H.Rompey bu səfərin Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq və dostluğun vacib göstəricisi adlandırıb.
Prezident Əliyev Azərbaycan ilə Avropa institutları arasında əlaqələrin uğurla inkişaf etdiyini və əməkdaşlığın tərəfdaşlıq xarakteri daşıdığını bildirib. “Bu münasibətlər iqtisadi əməkdaşlığı, enerji təhlükəsizliyi və digər sahələri əhatə edir. Avropa İttifaqının üzvü olan ölkələrlə əlaqələrimiz çox güclüdür, qarşılıqlı maraqlara söykənir”.
Dövlət başçısı həmçinin qeyd edib ki, insan hüquqlarının qorunması, demokratik azadlıqların təmin edilməsi istiqamətində də bir çox tədbirlər həyata keçirilib.
Prezident Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən bildirib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası da daxil olmaqla digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, Ermənistan bunların heç birinə məhəl qoymur.
Cənab Əliyev regionun əsas enerji layihələri barədə də danışıb. “Biz Xəzərin karbohidrogen ehtiyatlarının dünya və Avropa bazarlarına çatdırılması təşəbbüsünü irəli sürən ilk ölkəyik”, - deyən dövlət başçısı Azərbaycanın bundan sonra da avropalı tərəfdaşların enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edəcəyini bildirib.
Prezident Əliyev Xəzərdə yeni kəşf olunan yataqlar, TANAP layihəsinin əhəmiyyəti barədə danışarkən qeyd edib ki, Azərbaycanın qazı Avropa və dünya üçün yeni mənbədir və bu layihələr növbəti onillikləri, bəlkə də yüzillikləri əhatə edir.
Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompey müzakirələrin səmərəli olduğunu deyib və Azərbaycan-Avropa İttifaqı münasibətlərini yüksək qiymətləndirib.
“Biz bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin intensiv xarakter daşıdığını müşahidə edirik. Enerji sahəsində də əməkdaşlığımız inkişaf edir”.
Onun fikrincə, “Cənub” qaz dəhlizi və “Transxəzər” kəməri ilə bağlı aparılan danışıqlar həm Avropa İttifaqı, həm də Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir.
Transanadolu qaz kəmərinin əhəmiyyətindən də danışan Herman Van Rompey Avropa İttifaqının Türkiyə ilə Azərbaycan arasında əldə olunan razılaşmanı alqışladığını vurğulayıb.
”Biz əlaqələrimizi daha da inkişaf etdirmək üçün böyük potensiala malikik”, - deyən Avropa İttifaqının prezidenti “Şərq tərəfdaşlığı” çərçivəsində aparılan fəaliyyətin uğurlu olduğunu, 2013-cü ildə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə qədər bir çox işlərin görülə biləcəyini diqqətə çatdırıb.
O vurğuladı ki, Azərbaycan dünyəvi cəmiyyətdir və Avropa İttifaqı burada dini dəyərlərə, tolerantlığa olan münasibəti yüksək qiymətləndirir. “Region ilə yanaşı, Avropaya da demokratik dəyərlərə söykənən sabit Azərbaycan lazımdır”.
Ermənistan-Azərbaycan münaqişəsindən danışan cənab Rompey bildirib ki, nizamlanma prosesi ilə bağlı irəliləyiş prioritet məsələ olmalıdır. “Həm Azərbaycan, həm də Ermənistan Madrid prinsiplərinə əsaslanan və davamlı sülhə aparan qərarlar verməlidir”.
Cənab Rompey Azərbaycan Dillər Universitetindəki çıxışında isə bildirib ki, Avropa ölkələrində məhz vətəndaş cəmiyyəti institutları uzun müddət qarşıdırmada olan və müharibə aparmış ölkələr arasında sülh və əməkdaşlığın qurulmasında vacib rol oynayıb.
O Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının demokratiyanın inkişafı və Azərbaycan-Aİ əlaqələrinin genişlənməsində iştirak etməsinə tərəfdar olduğunu deyib.
Aİ prezidenti eyham vurub ki, Azərbaycanla Ermənistan tənzimləmə üzrə Avropa təcrübəsindən istifadə etməlidir.
Prezident qeyd edib ki, Aİ ATƏT-in Minsk Qrupu çərçivəsində Madrid prinsipləri bazasında tənzimləmə prosesinə dəstək verəcək, sülh bağlanandan sonra müharibədən ziyan çəkən bölgələrin bərpasında iştirak edəcək. Eyni zamanda, o, Aİ-nin atəşkəsin pozulmasından qayğılandığmı bildirib və tərəfləri zorakılıqdan çəkinməyə çağırıb. Rompey Azərbaycanı Aİ-nin strateji tərəfdaşı, təkcə nəqliyyat və enerji dəhlizi yox, həm də bir sıra beynəlxalq məsələlər, o cümlədən İran problematikasında həmfikir adlandırıb.
”Ərəb baharı Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın dərinləşməsi prosesini sürətləndirib”, deyə Rompey bildirib və qeyd edib ki, bu siyasət Aİ-nin ötən ilki “Şərq tərəfdaşlığı” Varşava sammitində xeyli güclənib.
Azərbaycanın demokratiya adlı ev tikdiyini deyən Aİ prezidenti bildirib: "Bir günə ev və ya demokratiya tikmək olmaz. Onu kərpic-kərpic tikmək lazımdır. Bu, uzun prosesdir. Əminəm ki, Azıərbaycan bu evi tikəcək".
Herman van Rompey Dillər İnstitutunun fəxri doktoru adına layiq görülüb. Universitetin rektoru Səməd Seyidov yarızarafat deyib ki, prezident vəzifəsi müvəqqəti, doktorluq isə əbədidir. Universitetdə doktor Rompeyin gələcəkdə də çıxışını gözləyəcəklər.
XS
SM
MD
LG