Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yeni dalğası və yeni, daha yoluxucu variantları qarşısında Avropanın COVID-19 peyvənd səylərinin "qəbuledilməz dərəcədə yavaş" olduğunu deyib.
ÜST-ün Avropa üzrə direktoru, doktor Hans Kluqe cümə axşamı qitə liderlərini “istehsalın sürətləndirilməsinə, peyvəndlərin tətbiq edilməsindəki maneələrin azaldılmasına və əldə edilən hər flakondan istifadə edərək, prosesi sürətləndirməyə” çağırıb.
Avropada yeni infeksiyaların sayı cəmi beş həftə əvvəl 1 milyondan aşağı idi. Lakin Ümumdünya Səhiyyə Təşkilatı o vaxtdan bəri 24000 ölüm halı olmaqla, yoluxanların sayının 1,6 milyona yüksəldiyini bildirib.
Doktor Kluqe Avropada insanların 10%-ə qədərinin bir doza, yalnız 4%-nin peyvəndi tam aldığını deyib.
Avropa Dərman Agentliyinin icraçı direktoru Emer Kuk təşkilatın bu cür məhdudiyyətlər üçün heç bir elmi dəlili olmadığını desə də, Avropada peyvənd səyləri Oxford-AstraZeneca peyvəndi ilə bağlı problemlərdən sonra ləngiyir.
Fransa, Almaniya və İspaniya bu yaxınlarda qan laxtalanmasına səbəb ola biləcəyi narahatlıqları səbəbiylə iki doza rejiminin istifadəsini məhdudlaşdırdıqlarını elan edib.
Təşkilatın regional fövqəladə hallar direktoru Dorit Nitzan bildirib ki, koronavirusun yeni B.1.1.7 variantı ilk dəfə Britaniyada aşkar edilib və asanlıqla yoluxduğuna görə ictimai sağlamlığa ciddi təsir göstərir. Bu isə vəziyyətin nəzarətdə saxlanması üçün əlavə səylər tələb edir.
ÜST-ün Avropa ilə bağlı narahatlqları Fransa Prezidenti Emanuel Makronun üçüncü COVID-19 dalğasını zəiflətmək üçün ölkəsində üçüncü dəfə karantin elan etməsindən bir gün sonra artıb.
Karantin məhdudiyyətlərinə gələn bazar ertəsindən başlayaraq bütün məktəblərin üç həftə bağlanması da daxildir.