Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton blogerlər Adnan Hacızadə və Emin Milli barəsində həbs hökmünü qüvvədə saxlayan Azərbaycan Ali Məhkəməsinin qərarını pisləyən bəyanatla çıxış edib.
Ali nümayəndə blogerlərin həbs hökmünü qüvvədə saxlayan Azərbaycan Ali Məhkəməsinin 19 avqust tarixli qərarından təəssüflənir. “Məhkəmə prosesindəki beynəlxalq ədalətlilik və şəffaflıq standartlarına dair çatışmamazlıqlar və məhkəmənin rəyi Azərbaycanda fikir azadlığının vəziyyəti barədə neqativ siqnal verir”, - deyə xanım Eşton qeyd edir.
Ali nümayəndə Azərbaycan hökumətini Emin Milli və Adnan Hacızadəni həbsdən azad etməyə çağırır. “Avropa İttifaqı Azərbaycanın ATƏT, Avropa Şurası və Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərin, xüsusilə demokratiya, insan haqlarına əməl olunması, fikir azadlığı və qanunun aliliyi məsələləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsində ölkəyə dəstək göstərilməsinə sadiq qalır”, - deyə bəyanatda vurğulanır.
Azərbaycan Prezident Administrasiyasının ictimai - siyasi şöbəsinin müdiri Əli Həsənov “Amerikanın səsi” radiosunun sualının cavabında dolayısı ilə Azərbaycan hakimiyyətinin blogerlərlə bağlı beynəlxalq bəyanatlara birmənalı yanaşmadığını bildirib. Onun fikrincə, jurnalist statusunu blogerlərə şamil etmək olmaz.
“Blogerlər jurnalist hesab olunmur. Nəzəri baxımdan dünyada nə qədər kompüter sahibi varsa, bir o qədər də bloger var. Odur ki, jurnalist statusunu blogerlərə şamil etmək olmaz”.
Vəkil İsaxan Aşurov blogerlərin həbsinin ifadə azadlığına qarşı olduğunu bildirib. Onun fikrincə, ifadə azadlığı Avropa İnsan Haqları Konvensiyasının təsiri altındadır. “Bu azadlıq istənilən şəxsin fundamental hüququdur”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev hesab edir ki, burada söhbət jurnalistin həbsindən deyil, həbsin motivindən gedir. “Cənab Həsənovun məntiqi ilə yanaşsaq ifadə azadlığı yalnız jurnalistlərə aid edilib. Halbuki bütün insanların ifadə azadlığı Azərbaycan qanunvericiliyində tanınır”.
Adnan Hacızadənin atası Hikmət Hacızadə blogerlərə qarşı rəsmi münasibəti pisləyir. O hesab edir ki, oğlu video blogerdir və Azərbaycanın ən çox diqqətdə olan yazarlarından biridir. “Adnanın Azərbaycan hakimiyyətinin fəaliyyətini tənqid edən videofilmini 120 min insan seyr edib. Azərbaycanda bu tirajla nəşr edilən qəzet və seyr edilən televiziya yoxdur”, - deyə o qeyd edib.