Sentyabrın 18-də Avropa Parlamenti Azərbaycan hakimiyyətini ölkədə insan hüquqlarının sistematik və kobud şəkildə pozulmasına görə pisləyən qətnamə qəbul edib. Xüsusən, qeyri-hökumət təşkilatlarının, siyasi fəalların və müstəqil mətbuat nümayəndələrinin təqibi pislənir.
Avropa Parlamentinin mətbuat xidmətinin məlumatında deyilir ki, qətnamədə hüquq müdafiəçiləri Leyla və Arif Yunus, İntiqam Əliyev, Həsən Hüseynli və Rəsul Cəfərovun dərhal azad edilməsi haqqına dəqiq tələb ifadə olunub. “Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı hərtərəfli olmalı və insan hüquqlarının müdafiəsini də əhatə etməlidir”, sənəddə vurğulanır.
Hələlik sənədin tam mətni dərc edilməyib.
Qeyri-rəsmi məlumatlara görə, hüquq müdafiəçilərinin təqibinə son qoyulmasa, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi təhlükəsi var.
Avropa Parlamenti Beynəlxalq Olimpiya Komitəsini Azərbaycandan 2015-ci il Avropa Oyunları çərçivəsində söz azadlığını təmin etməyi tələb etməyə çağırıb.
Söz azadlığı təmin edilmədiyi təqdirdə Avropa Parlamenti, həmçinin Avropa Şurası Azərbaycana qarşı sanksiyalar ehtimalına baxacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev hesab edir ki, Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qərəzli qətnamə tamamilə əsassız və qeyri-obyektivdir.
“Azərbaycanda qanunun aliliyi, insan hüquqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin olunub. Siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur. Qanunun aliliyinin təmin olunduğu istənilən demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz.
Qərəzli münasibətin göstəricisi olan bu qətnamə yalnız Azərbaycana siyasi təzyiq göstərmək məqsədi daşıyır”, o qeyd edib.
Abdullayev bildirir ki, sentyabrın 20-də Bakıda keçirilməsi nəzərdə tutulan “Cənub Qaz Dəhlizinin genişləndirilməsi” və Trans-Anadolu layihəsinin təməlqoyma mərasiminin ərəfəsində belə bir qətnamənin süni şəkildə meydana çıxarılması Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsinə və Avropa İttifaqının özünün enerji təhlükəsizliyinin gücləndirilməsinə əvəzsiz töhfə verəcək bu layihənin uğuruna insan hüquqları adı altında xələl gətirmək cəhdi kimi qiymətləndirilir.
“Özlərini insan hüquqlarının və demokratiyanın carçısı kimi təqdim edən bu kimi dairələrin ən elementar hüquqlardan belə məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına bilərəkdən göz yummaları onların əsl niyyətindən və ikili standartlara xidmət etmələrindən xəbər verir”, o qeyd edir.