Bu gün, iyunun 20-də Avropa Parlamenti "Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti/Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə" adlı 2019/2209(INI) nömrəli qətnamə qəbul edib.
Sənəd Avropa Parlamentinin Litvadan olan deputatı Petras Auştreviçyus tərəfindən həmməruzəçilər Radoslav Sikorski, Anna Fotıqa (hər ikisi Polşa XİN-in keçmiş rəhbərləri olub), Attila Ara-Kovaç (Macarıstan) və Marketa Qreqorovanın (Çexiya) iştirakı ilə hazırlanıb.
Sənədin preambulunda Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər” adlı 2009/2216(INI) nömrəli qətnaməsinə istinad edilir. Bu qətnamənin 8-ci və 10-cu bəndlərində erməni qüvvələri tərəfindən tutulmuş ərazilər “işğal edilmiş ərazilər” adlandırılıb.
Avropa Parlamentinin yeni qətnaməsində də, 10 il əvvəlki sənəddə olduğu kimi, Ermənistan tərəfin Qarabağ münaqişəsinin həllində israr etdiyi "təyini-müqəddərat hüququ" barədə bir kəlmə belə yoxdur.
Sənəddə həmçinin qeyd edilir ki, Şərq Tərəfdaşlığı ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü hələ də həll edilməmiş regional münaqişələr, xarici təcavüz və həmin ölkələrin bəzilərinin işğalının davam etməsi ucbatından pozulmuşdur...".
(b o) bəndində xarici qoşunların işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılması barədə çağırış var. Bu bənd ərazilərində işğalçı qoşunların dislokasiya edildiyi “Şərq Tərəfdaşlığı”nın iştirakçıları olan bütün ölkələrə və deməli, əraziləri Ermənistan tərəfindən işğal edilmiş Azərbaycana da aiddir.
Sənəddə Avropa İttifaqının Şərq Tərəfdaşlığının iştirakçıları olan ölkələrin “beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində” (b m bəndi) suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini dəstəklədiyi qeyd edilir.
Eyni zamanda, “[dövlətlərin] bu prinsiplərin təmin olunması səylərinin [Avropa İttifaqı tərəfindən] bütövlüklə dəstəkləndiyi” qeyd edilir (“support their efforts to fully enforce those principles”).
Faktiki olaraq, Avropa İttifaqı dövlətlərin öz suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü və siyasi müstəqilliyini güclə təmin etmək hüququnu tanıyıb.