Accessibility links

Avropa Məhkəməsi Azərbaycandan həbsdə olan keçmiş deputat barədə məlumat tələb edib


Hüseyn Abdullayev
Hüseyn Abdullayev

Avropa İnsan Hüquqları Məhkəməsi keçmiş deputat Hüseyn Abdullayevin müraciətinə cavab olaraq reqlamentinin 39-cu qaydasına uyğun olaraq Azərbaycan hakimiyyətindən ərizəçinin sağlamlıq vəziyyəti və tibbi yardım tədbirləri barədə məlumat tələb edib.

Bu barədə vəkil Cavad Cavadov bildirib.

Həbsdə olan Hüseyn Abdullayev aprelin 12-dən aclıq aksiyası elan edib və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Vəkil Cavad Cavadovun məlumatına görə, ötən həftə Abdullayevin vəziyyəti kəskin şəkildə pisləşib və aprelin 17-də aksiyanı dayandırmalı olub.

“Amma Abdullayevin vəziyyəti nəinki yaxşılaşmır, əksinə, pisləşir. Belə ki, daxili qanaxma güclənib. Həyatına ciddi təhlükənin olmasına baxmayaraq, onu xəstəxanaya yerləşdirməyiblər, lazımi tibbi araşdırma aparmayıblar," vəkil deyib.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi Abdullayevin sağlıq durumu və ona yardım göstərilməsi üçün həyata keçirilən tədbirlər barədə hökumətdən qısa müddətdə məlumat verməyi tələb edib.

Vəkil hesab edir ki, Abdullayevin xəstəxanaya yerləşdirilməsini ləngitmək olmaz.

"Vəziyyət çox ciddidir. Abdullayev qan qusur, hətta bağırsağınan qan axır," vəkil bildirib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimai əlaqələr şöbəsindən bildiriblər ki, bütün məhbusların, o cümlədən Abdullayevin sağlığı diqqət mərkəzindədir. Zərurət olduqda məhbuslara lazımi tibbi yardım göstərilir.

2020-ci ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının özbaşına həbslər üzrə İşçi Qrupu Abdullayevin həbsinin və ekstradisiyasının qanunsuz olduğunu tanıyıb və onun azadlığa buraxılmasına çağırıb.

1990-cı illərdə Hüseyn Abdullayev neft və neft məhsulları ilə bağlı biznesdə aparıcı mövqe tutub. 2005-ci ildə parlamentin deputatı olub və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlamentin iclasında deputat Fəzail Ağamalı ilə arasında münaqişə yaranıb. Bundan sonra Abdullayev cəzalandırılıb. Öncə onu həbs ediblər, sonra xuliqanlığa görə şərti olaraq 2 il azadlıqdan məhrum ediblər.

O 2013-cü ildə Azərbaycandan mühacirətə gedib. Almaniyada yaşayan keçmiş deputat Azərbaycan rəsmilərini sosial şəbəkələrdə kəskin tənqid edib, kütləvi etirazlara çağıran “Susma” adlı tənqidi klip yayımlayıb. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi qaldırılıb. 2018-ci il aprelin 22-də Almaniyadan Türkiyəyə gəldikdən sonra orada saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Bakıda onu Azərbaycan Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə ), 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4 (dələduzluq), 182.2.1 (bir qrup şəxslə qabaqcadan əlbir olaraq hədə yolu ilə tələbetmə), 182.2.2 (həmin hərəkətlər təkrar törədildikdə) və 182.2.4 (həmin hərəkətlər təkrar törədildikdə, zərərçəkənə külli miqdarda ziyan vurmaq) maddələri ilə ittiham olunub. Sonra 6 il müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG