Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə müsahibəsində Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlər, məhkəmənin qərarlarının yerinə yetirilmə vəziyyətindən danışıb.
Amerikanın Səsi: Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan qəbul etdiyi şikayətlərin spektrini necə xarakterizə edərdiniz? Sizin göndərdiyiniz şikayətlərin spektri necədir?
Son illər fundamental hüquqlarla, - siyasi hüquq və azadlıqlarla bağlı şikayətlər daha çoxdur.
Əsabəli Mustafayev: Mənə elə gəlir ki, Azərbaycandan göndərilən şikayətlər Avroopa İnsan Hüquqları Konvensiyasının bütün maddələrini əhatə edir. Ancaq, son illər fundamental hüquqlarla, - siyasi hüquq və azadlıqlarla bağlı şikayətlər daha çoxdur. O cümlədən, mənin göndərdiyim işlər də əsasən bu yönümlü işlərdir. Bunlar sərbəst toplaşmaq, ifadə azadlığı, azadlıq və şəxsi toxunulmazlıq hüququnun pozuntusudur. Mən şikayətləri daha çox bu mövzuda göndərirəm. Mənim göndərdiyim işlər üzrə qərarlar da məhz bu mövzularla bağlıdır. O cümlədən də Azərbaycandan seçki məsələləri ilə bağlı şikayətlər daha çox göndərilir.
Amerikanın Səsi: Bəs sizin şikayətlər üzrə qərarların spektri necədir?
2016-cı ildə mənim apardığım 22 iş üzrə qərar qəbul olunub. Bunlardan böyük əksəriyyəti şəxsi azadlıq, şəxsi toxunulmazlıq hüququnun pozuntusudur.
Əsabəli Mustafayev: 2016-cı ildə mənim apardığım 22 iş üzrə qərar qəbul olunub. Bunlardan böyük əksəriyyəti şəxsi azadlıq, şəxsi toxunulmazlıq hüququnun pozuntusudur. Yəni, qanunsuz həbslə bağlıdır. Sərbəst toplaşmaq hüququnun pozuntusudur. 19 iş üzrə verilən qərarlar bu mövzulardadır. Bir də ədalətli seçki hüququnun pozuntusudur. 3 işi isə mülkiyyət hüququ ilə bağlıdır. Daha doğrusu, yerli məhkəmələrin qərarlarının yerinə yetirilməməsi ilə bağlıdır. 2015-ci ildə də təqribən belə bir spektr idi, - ədalətli seçki, sərbəst toplaşmaq hüququnun pozuntusu, mitinqlərdə iştirak və qanunsuz həbslərlə bağlı qərarlar idi.
Üç tema bizdə prioritetdir. Məhkəmə qərarları da əsasən bununla bağlıdır.
Amerikanın Səsi: Avropa Məhkəməsinə şikayət göndərən vəkillərin qarşılaşdığı əsas çətinliklər nədir? Bu çətinlikləri məhkəmənin işlərə çox gec baxması, yoxsa yerli məmurların vəkillərə ytəzyiqləri ilə izah etmək olar?
Yəni, burada hakimiyyət tərəfindən insanlara böyük basqılar var. Nümunələr göz qabağındadır.
Əsabəli Mustafayev: Əlbəttə, Avropa Məhkəməsində işlərə uzun müddətə baxılmasını biz başa düşürük. Biz tərəfdarıyıq ki, işlərə tez müddətdə baxılsın, insanların pozulmuş hüquqları tez bərpa olunsun. Başa düşürük ki, bu mümkün deyil. Çünki bu, beynəlxalq məhkəmədir. Buraya 47 ölkədən ildə minlərlə şikayət daxil olur və cəmi 47 hakim var. Aydındır ki, tez baxılması mümkün deyil. Nəzərə alsaq ki, bəzi mülki, cinayət işlərinə, elə Azərbaycanda da bəzən 3-4 ilə baxılır.
Lakin, digər ölkələrdən fərqli olaraq Azərbaycanda bu sahədə işləyən vəkillər, hüquqşünaslar Avropa ölkələrindəki şəraitdə işləmirlər. Yəni, burada hakimiyyət tərəfindən insanlara böyük basqılar var. Nümunələr göz qabağındadır. Bu sahədə məktəb qoymuş İntiqam Əliyevin uzun müddət həbsdə qalması, indi də təqiblərə məruz qalması, ofisi bağlıdır, işləyə bilmir, ölkədən çıxa bilmir. Sonra digər şəxslər (son illər Avropa Məhkəməsi ilə çox ciddi işləyən Xalid Bağırov Vəkillər Kollegiyasından çıxarılıb) Vəkillər Kollegiyasından çıxarılır. Mənə gəldikdə isə, rəhbərlik etdiyim Qeyri Hökumət Təşkilatının (QHT) fəaliyyətinin dayandırılması, hansı ki, pulsuz hüquqi yardımla məşğul idi, bir az da Avropa Məhkəməsinə şikayətlərin tərtibatı ilə bağlı idi. Sonra ölkədən çıxışıma qadağa qoyulması, bank hesablarıma qadağa qoyulması ancaq Avropa Məhkəməsinə işləməyimlə bağlıdır. Son zamanlar bu kimi təzyiqlər ciddiləşib, bu sahədə yumşalma yoxdur, basqılar artır. Lakin, biz yenə dözüb, işləyirik.
Amerikanın Səsi: Avropa Məhkəməsinin qərarları Azərbaycanda sonadək yerinə yetirilirmi?
Ümumi tədbirlər ümumiyyətlə həyata keçirilmir, məsələn qanunvericilik bazasında dəyişiklik olunması ilə bağlı məqamlar ümumiyyətlə icra olunmur.
Əsabəli Mustafayev: Avropa Məhkəməsinin qərarlarının icrası iki istiqamətdə aparılır. Bir var, qərarda göstərilən maliyyə məsələləri, yəni məhkəmə qərarında göstərilən kompensasiya olaraq maddi və mənəvi ziyanın ödənilməsi, bir də ki, hüquqi tədbirlərin görülməsi. Hüquqi tədbir qərarda yazılmır. Ancaq, məhkəmə hansı aspektləri, hansı məqamları insan hüquqlarının pozuntusu kimi qəbul edibsə, hökumət məcburdur ki, onunla bağlı hansısa ümumi tədbirlər görsün. Bir də var fərdi tədbirlər, tutaq ki, insan qanunsuz həbsədədirsə həbsdən buraxılmalıdır. Tutaq ki, İlqar Məmmədov kimi, bu fərdidir. Bir də var, ümumi, yəni gələcəkdə tutaq ki, seçki hüququnun pozulmaması üçün hökumət nə etməlidir. Tutaq ki, seçki komissiyalarının tərkibini dəyişməlidir, seçki qanunvericiliyində dəyişikliklər etməlidir. Bu ümumi tədbirlərdir. Əvvələr belə idi ki, malaiyyə məsələləri tez həll olunurdu. Yəni üç ay ayrılmış müddətdə kompensasiyalar ödənilirdi. Ancaq, ümumi tədbirlərin görülməsində, bəzən isə fərdi tədbirlər, məsələn qərarın İlqar Məmmədovun azalığa buraxılması hissəsi icra olunmurdu. Ümumi tədbirlər ümumiyyətlə həyata keçirilmir, məsələn qanunvericilik bazasında dəyişiklik olunması ilə bağlı məqamlar ümumiyyətlə icra olunmur. İndi də bu, belədir. İndiyədək mənim işlərim üzrə 76 qərar çıxarılıb. Bunların heç birində ümumi tədbirlər icra olunmayıb. O cümlədən də, hətta fərdi tədbirlər, tutaq ki, əmlakın qaytarılması ilə bağlı qərar da icra olunmayıb. Azərbaycanla bağlı bu sahədə böyük nöqsanlar var. Bunu daim biz də, Avropa Şurası da, Avropa Məhkəməsi də vurğulayır. Lakin, təəssüf ki, irəliləyiş yoxdur. Hətta, əvvəllər maddi və mənəvi ziyanın ödənilməsində problem yox idi. Yəni pul çox idi, ödənilirdi. Bu il isə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar üzrə, demək olar ki, heç bir iş üzrə maliyyə kompensasiyası (ilin əvvəlindəki bir iki işi çıxmaq şərti ilə) ödənilməyib. Məsələn, məndə olan 22 iş üzrə kompensasiya ödənilməyib, gözləyirik. Hər dəfə Prezident Administrasiyasına yazırıq. Hər dəfə də deyirlər ki, yaxın zamanlarda problem həll olunacaq.
Amerikanın Səsi: Avropa Məhkəməsinin qərarları Azərbaycan məhkəmələri tərəfindən presedent kimi qəbul olunurmu?
Əsabəli Mustafayev: Xeyr. Yəni, bizim qanunvericilikdə bu nəzərdə tutulmayıb. Düzdür son zamanlar məhkəmələr Avropa Məhkəməsinin müəyyən qərarlarına istinad etməyə başlayıb. Ancaq, bu formal xarakter daşıyır. Mən belə düşünürəm.