Accessibility links

Avropa Məhkəməsi Hüseyn Abdullayevin şikayətini təmin edib


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan parlamentinin keçmiş deputatı, biznesmen Hüseyn Abdullayevin ona qarşı birinci cinayət işi üzrə şikayətini təmin edib.

AİHM-in məlumatında deyilir ki, Hüseyn Abdullayev 2007-ci ilin martında parlamentin digər deputatı (Fəzail Ağamalı) ilə dava edib. Sonuncu prokurorluğa şikayət edib. Hüseyn Abdullayev həmin ilin mayında cinayət məsuliyyətinə cəlb edilib.

2007-ci ilin avqustunda Apellyasiya Məhkəməsi videoqeydlərin yoxlanılması barədə vəsatəti rədd edərək onun barəsində ittiham hökmünü qüvvədə saxlayıb. Kassasiya şikayəti də nəticə verməyib.

Həbsdən öncə Abdullayev bel yırtığından əziyyət çəkib, həbs zamanı ağrıları şiddətlənib. Lakin həkimlər həbsdə qalmaq üçün onun səhhətinin sağlam olduğunu bildirib.

Abdullayev Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (qeyri-insani və insan ləyaqətini alçaldan davranışlara qadağa) ilə hüquqlarının pozulmasından şikayət edib. O həmçinin 6-cı maddə (ədalətli məhkəmə hüququ) ilə hüquqlarının pozulduğunu hesab edib.

Onun fikrincə, məhkəmələr video sübutları araşdırmayıb və qanunvericiliyi özbaşına tətbiq edib.

O, Avropa Konvensiyasının 3, 5, 6, 9 və 10-cu maddələri və ölkəni tərk etmək hüququnun məhdudlaşdırılması ilə bağlı şikayətlər irəli sürüb.

Lakin AİHM Hüseyn Abdullayevin ancaq 6-cı maddə (ədalətli məhkəmə hüququ) ilə hüquqlarının pozulduğunu tanıyıb və ona 2500 avro kompensasiya ödənilməsi barədə qərar çıxarıb.

Hüseyn Abdullayev 1990-cı illərdən biznes fəaliyyəti ilə ictimai diqqətə gəlib və hazırki iqtidarın qatı tərəfdalarından olub. Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilib.

Hüseyn Abdullayev 2007-ci ilin martında parlamentdə Nazirlər Kabinetinin illik hesabatı zamanı hökumətin fəaliyyətini tənqid edib. Abdullayevin tənqidi çıxışı digər deputatla (Fəzail Ağamalı-red) münaqişəyə səbəb olub və parlamentin iclas zalında yumruqlaşma ilə başa çatıb. Bundan sonra o, həbs edilib. Bir müddət sonra həbsdən azad edilərək Almaniyaya mühacirətə gedib.

Hüseyn Abdullayev mühacirətə gedəndən sonra hazırkı iqtidarın kəskin tənqidçisinə çevrilib. O həm də iqtidarın əleyhinə mahnılar bəstələyib. Abdullayevin iqtidarın siyasətinə etiraz edən “Susma” marşı sosial şəbəkələrdə geniş yayılıb.

Rəsmi orqanların məlumatına görə, Hüseyn Abdullayev barəsində Vergilər Nazirliyinin İstintaq İdarəsində 2012-ci ildə böyük ölçüdə külli miqdarda vergi ödəməkdən yayınma (Cinayət Məcəlləsinin 213.2.2 maddəsi) ittihamı ilə cinayət işi açılıb və barəsində axtarış elan edilib.

3 oktyabr 2016-cı ildə Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.

2018-ci il aprelin 22-də Abdullayev Almaniyadan Türkiyəyə gəldikdən sonra orada saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Həbs edildikdən sonra ona qarşı Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.

Hüseyn Abdullayevin anası Zeynab Abdullayevaya qarşı da 2018-ci ildə cinayət işi qaldırılıb. Bakının Nəsimi Rayon Polis İdarəsində Abdullayevaya qarşı Cinayət Məcəlləsinin 326.1 (Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) və 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi başlanıb.

Bakının Nəsimi rayon Məhkəməsi hakim Şəlalə Həsənovanın sədrliyi ilə 77 yaşlı Zeynəb Abdullayeva barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG