Accessibility links

Avropa məhkəməsi Azərbaycan hökumətini 146 min avro cərimələyib


Avropa İnsan Hüquqları Məhkəməsi vətəndaş Ədalət Haqverdiyevlə bağlı Azərbaycan hökumətini cərimələyib.

Bu barədə vəkil Fuad Ağayev məlumat verib.

Vəkil qeyd edir ki, Haqverdiyev AİHM-ə göndərdiyi şikayətdə mülkiyyət hüququnun pozulduğunu bildirib:

"Ədalət Haqverdiyevin Bakının Nərimanov rayonu ərazisindəki "Xutor" adlı qəsəbədə evi var idi. 2009-cu ilin sonlarında həmin ev sökülüb. Ona əvəzində icra hakimiyyəti Bakının Nərimanov rayonundakı köhnə qəbiristanlıq ərazisində tikilən binada mənzil təklif edib. Amma Ədalət Haqverdiyev bundan imtina edərək mülkiyyət hüququnun pozulması və buna görə təzminat verilməsi tələbi ilə ölkə məhkəmələrinə üz tutub. Amma nə Nərimanov Rayon Məhkəməsi, nə Bakı Apellyasiya Məhkəməsi, nə də Ali Məhkəmə onun şikayətini təmin etmişdi."

Vəkilin sözlərinə görə, Ədalət Haqverdiyev bu problemi Avropa İnsan Hüquqları Məhkəməsinə daşıyıb.

"2015-ci ildə AİHM Ədalət Haqverdiyevin mülkiyyət hüququnun pozulmasını tanıyıb. Amma mülkiyyət hüququnun pozulması ilə bağlı təzminat ödənilməsi barədə qərar çıxarılmamışdı. Bu günlərdə isə həmin qərar da verildi. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə hökumət Haqverdiyevə təzminat olaraq 140 min avro, mənəvi ziyana görə 3 min avro, məhkəmə xərclərinə görə də daha 3 min avro ödəməlidir" , vəkil bildirib.

Bu qərara hələlik, Nərimanov Rayon İcra Hakimiyyəti və digər rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

XS
SM
MD
LG