Avropa hökumətləri yeni tədris ili üçün yaxın günlərdə məktəbləri açmağa hazırlaşır. Belə ki, səhiyyə üzrə mütəxəssislər uşaqların təhsilini bərpa etmələrinin vacib olduğunu deyir. Altı ay əvvəl, mart ayında koronavirus pandemiyası başlayandan və məhdudiyyətlər tətbiq ediləndən bəri şagirdlərin əksəriyyəti məktəbə getmir. Lakin qitədə yoluxma halları hələ də artmaqda davam etdiyi üçün bəzi həmkarlar ittifaqları müəllimlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edir.
Bu, Britaniyanın baş naziri üçün də məktəbə qayıdışdır. "Məktəblər təhlükəsizdir və şagirdlərin geri qayıtmasını görmək gözəl şeydir." - deyə, Boris Conson bildirir.
Yoluxma riskinin az olduğunu deyən Britaniyanın elm adamları məktəblərin yenidən açılmasını istəyir. Kris Vitti: "Uşaqların COVID-ə yoluxması və nəticədə uzun müddət davam edən ciddi problemləri olması şansı olduqca azdır. Uşaqların uzun müddətdir məktəbə getməməsinin onlara nə qədər ziyan vurduğuna dair sübutlar isə çoxdur."
Britaniyanın bu həftə tətbiq etdiyi dəyişən siyasətində deyilir ki, indi bütün orta məktəb şagirdləri sinif otaqlarından başqa bütün ictimai yerlərdə maska taxmalıdırlar.
Eyni siyasət Fransada da tətbiq ediləcək. Orada da böyüklər və 6-cı sinifdən yuxarı şagirdlər maska taxmaq məcburiyyətində qalacaq.
İtaliyada məktəblərin açılması siyasəti müəllimlər və şagirdlərin testlərdən keçməsinə əsaslanır. İtaliyanın səhiyyə naziri müavini Pyerpaolo Sileri: "Aydındır ki, problem daha böyük olduğu təqdirdə məktəbi, ya da yalnız sinifi bağlamaq məcburiyyətində qalacaqsınız və uşaqlar evdə qalmalı olacaq."
Keçən həftə İspaniyada pandemiya başlayandan bəri həftəlik yoluxma halları ən yüksək həddə çatmışdı. Buna baxmayaraq ölüm halları daha aşağı səviyyədədir. Hökumət məktəblərin yenidən açılmasının prioritet olduğunu deyir. İspaniyanın baş naziri Pedro Sançez: "Bunun təhlükəsiz bir mühitdə baş verməsi üçün analara, atalara, tələbələrə, oğul və qızlarımıza, müəllimlərimizə və işçilərimizə borcluyuq."
Bir çox tələbə rəsmi olaraq ilk təhsilini altı aydan sonra alacaq. Səhiyyə üzrə mütəxəssislər həm şagirdlər, həm də müəllimlərin təhlükəsiz sinif otaqlarına qaytarmalarının vacib olduğunu deyir. Londondan səhiyyə üzrə ekspert Oksana Rizik: “Dəlillər müəllimlər arasında yoluxma nisbətinin daha yüksək olduğunu göstərir. Beləliklə, müəllimləri və şagirdləri necə qoruya biləcəyimizi düşünməliyik, çünki bir milyarddan çox şagird məktəbdən kənarda olduğu üçün indi biz qlobal təhsil böhranına giririk."
Yay tətili başa çatmaq üzrədir. Avropada isə məktəblər və bir çox ofislər yenidən açılmağa hazırlaşdığı və yoluxma sayları artdığı bir vaxt narahatlıqlar da artır.