Accessibility links

Avropa komissarı Şərq Tərəfdaşlığı iqtisadi və investisiya planını təqdim edib


Oliver Varhelyi
Oliver Varhelyi

Bakıda səfərdə olan Avropa İttifaqının qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varheyi regiona COVID-19-dan sonrakı dövrdə kömək məqsədilə Şərq Tərəfdaşlığı İqtisadi və İnvestisiya Planını təqdim edib. Varheyi özünün Twitter mikrobloqunda Azərbaycana ilk intensiv səfərin münasibətlərə yeni bir təkan verdiyini bildirib.

"Səfər zamanı Azərbaycana da fayda gətirəcək hərtərəfli iqtisadi bərpa planını necə quracağımızı müzakirə etdik," - deyə o bildirib.

Oliver Varheyi iyulun 8-də Azərbaycan Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev ilə görüşüb.

Prezident Administrasiyasının məlumatında deyilir ki, görüşdə qeyd olunub ki, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq uğurla inkişaf edir və Bakı Avropa İttifaqının etibarlı tərəfdaşıdır.

Görüşdə nəqliyyat, yaşıl energetika, rəqəmsal texnologiyalar, elm, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, bərpa və reabilitasiyasında Azərbaycanın səylərini dəstəkləməyə hazırdır.

Həmçinin Avropa İttifaqının enerji təhlükəsizliyi üçün Transadriatik qaz kəməri layihəsinin əhəmiyyəti vurğulanıb.

Varheyi Twitter səhifəsində Avropa İttifaqı "Şərq Tərəfdaşlığı"nın iqtisadi və investisiya planı çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına da dəstək verəcəyini bildirib.

"İqtisadi və investisiya planı çərçivəsində əsas təşəbbüslərdən biri kimi Bakı limanı malların və xidmətlərin davamlı və sürətli nəqli mərkəzinə çevrilməkdən ötrü Transxəzər iqtisadi inteqrasiyası məqsədilə Avropa İttifaqının dəstəyini alacaq," Varheyi qeyd edib.

O həmçinin bildirib ki, Avropa İttifaqı rəqəmsallaşdırma və "yaşıl liman"a çevrilmə layihələri çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə əməkdaşlığı davam etdirəcək.

XS
SM
MD
LG