Accessibility links

Avropa İttifaqı və Azərbaycan Dağlıq Qarabağda humanitar əməkdaşlıq məsələlərini müzakirə edib


Avropa İttifaqı və Azərbaycanın bayraqları
Avropa İttifaqı və Azərbaycanın bayraqları

Noyabrın 17-də Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovart Azərbaycanın erməni silahlı qüvvələrinin nəzarətində olmuş Dağlıq Qarabağ və ətraf ərazilərdəki humanitar ehtiyacları müzakirə edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, son hərbi əməliyyatlar zamanı Ermənistan silahlı birləşmələrinin cəbhə zonasından uzaq yaşayış məntəqələrini artilleriya və raket atəşinə məruz qoyması nəticəsində mülki şəxslər, o cümlədən məcburi köçkünlər arasında ölənlər və yaralananlar var.

“Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə istifadəyə verilmiş qəsəbələr də daxil olmaqla, 300-dən çox müvəqqəti məskunlaşma obyekti qismən, yaxud tamamilə dağıdılıb. Mütəmadi atəşə tutulan Ağdam, Tərtər, Goranboy, Füzuli, Bərdə və Cəbrayıl rayonlarında məskunlaşmış köçkünlər digər rayonlara təxliyə olunub. Bu ailələrin ərzaq, qeyri-ərzaq, tibbi yardım və digər ləvazimatlara ehtiyacı var,” onlayn qaydada keçirilən görüşdə Fuad Hüseynov qeyd edib.

Bundan başqa nəzərə çatdırılıb ki, 30 ilə yaxın "işğal altında saxlanılan rayonlar" tamamilə dağıdılıb, yaşayış üçün yararsız hala salınıb.

“Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin bu il noyabrın 10-da imzaladıqları bəyanata uyğun olaraq, Kəlbəcər rayonunu tərk edən ermənilər evləri, məktəbləri, meşələri yandırır, ağacları kəsib aparırlar. Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərinə dəyən zərərin qiymətləndirilməsinə ekspertlər cəlb edəcək,” sədr müavini qeyd edib

Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovart bildirib ki, missiyanın məqsədi Avropa İttifaqı ilə Azərbaycan arasında humanitar əməkdaşlığı müzakirə etmək, həmçinin, Aİ tərəfindən edilə biləcək yardımların formasını, eyni zamanda Qarabağda gələcəkdə nəzərdə tutulan bərpa və qurulucuq işlərində dəstəyini müəyyənləşdirməkdir.

“Missiya məcburi köçkünlərin, eyni zamanda, hərbi əməliyyatlar zamanı zərər görmüş mülki şəxslərin ehtiyaclarını öyrənəcək və Avropa İttifaqının bu ailələrə necə dəstək verəcəyini müəyyən edəcək,” Nikolas Qovart deyib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılıb və nəticə əldə edilməyib.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər nəticəsində hər iki tərəfdən çoxsaylı hərbi və mülki şəxslər həlak olub.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı birgə bəyanatla hərbi əməliyytaların dayandırlması barədə razılıq əldə edilib.

Razılışmaya əsasən dekabrın 1-dək erməni tərəfinin nəzarətində olan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədələri daxilindəki ərazilərindən Ermənistan Silahl Qüvvələri çəxarılaraq Azərbaycana təhvil veriləcək.

Razılaşmaya görə, Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir.

XS
SM
MD
LG