Accessibility links

Avropa İrana qarşı sanksiyalardan istisna tələb edir


Britaniya, Fransa və Almaniya İranla biznes əlaqələrinə malik olan Avropa şirkətlərinin ABŞ sanksiyalarından azad edilməsini tələb edib.

ABŞ Maliyyə naziri Stiven Mnuçin və dövlət katibi Mayk Pompeoya məktub ünvanlayan Avropa ölkələrinin nazirləri ABŞ-ın İranla nüvə sazişindən çıxması qərarına görə təəssüflərini bildirib.

Məktubda deyilir ki, bir müttəfiq kimi biz ABŞ-ın Avropanın təhlükəsizlik maraqlarına qarşı addımlar atmayacağına inanırıq.

Vaşinqtonun nüvə sazişindən çıxdığını elan edən prezidenti Donald Tramp İrana ticarət sanksiyalarının bərpa olunacağını, Tehranla biznesi davam etdirən şirkətlərə ikinci dərəcəli sanksiyalar qoyulacağını bildirib.

​Müəlliflər ABŞ-ın cəza tədbiri qoymasını istəmədikləri əsas sahələri göstərib. Buraya əczaçılıq, səhiyyə, enerji, mülki aviasiya, infrastruktur və bank sektorları daxildir.

Məktubda deyilir ki, İran beynəlxalq pul transferi sistemi olan SWIFT-dən çıxarılmamalıdır.

Fransanın Total, Niderlandın Maersk kimi böyük şirkətləri bildirirlər ki, Vaşinqton onlara güzəşt etməsə gələn altı ay ərzində sanksiyalar tam bərpa olunana kimi İranda qalmaq mümkün olmayacaq.

Məktub Tehranın razılığın parametrlərinə əsasən uran zənginləşdirilməsi proqramını bərpa edəcəyini bildirməsindən bir gün sonra açıqlanıb.

XS
SM
MD
LG