Iyulun 8-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfərə gəlib.
Səfər zamanı Donald Tusk prezident İlham Əliyevlə görüşəcək, Bakı Beynəlxalq Dəniz Limanını ziyarət edəcək. Avropa İttifaqının prezidentinin həmçinin media nümayəndələri ilə də görüşü nəzərdə tutulub.
Səfər zamanı ikitərəfli əməkdaşlıq, regional əməkdaşlığın genişləndirilməsi məsələləri, həmçinin "Şərq tərəfdaşlığı" proqramının gələcəyi müzakirə olunacaq.
Cənab Tusk iyulun 10-da Ermənistana, iyulun 11-də isə Gürcüstana səfər edəcək.
İyulun 11-də Avropa Şurasının prezidenti "Şərq tərəfdaşlığı"nın 10 illiyinə həsr olunmuş 16-cı Beynəlxalq Batumi Konfransının açılışında iştirak edəcək.
Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranıb. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə edir.
1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib.
2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.
Şərq Tərəfdaşlığı Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.
Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.
2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlanıb. Ancaq hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.