“Media forum” saytının məlumatına görə, Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyq aprelin 12-də jurnalistlərə deyib ki, Avropa Birliyinə 27 üzv ölkənin xarici işlər nazirləri İranda insan hüquqlarının kobud şəkildə pozulmasında birbaşa rolu olan 32 rəsmiyə qarşı daha sərt tədbir görülməsi, onlara sanksiya qoyulması barədə razılığa gəlib. “Əldə edilmiş razılığa görə, 32 İran rəsmisinə Avropa Birliyinə üzv ölkələrə səfər üçün viza verilməsinə qadağa qoyulub və onların bu ölkələrdəki bütün əmlakı dondurulub.
Nazir sanksiyaya məruz qalmış 32 İran rəsmisinin kimliyi barədə açıqlama verməsə də, Avropa Birliyinin sanksiyalarına düşən İran rəsmiləri arasında “Sepah”ın komandanı Məhəmməd Əli Cəfəri, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadi, dini rəhbər Əli Xamneyinin “Sepah”dakı nümayəndəsi Əli Səidi, “Sepah”ın komandirlərindən olan Abdulla İraqi və Hüseyn Həmədani, “Sepah”ın təhlükəsizlik bölməsinin rəhbəri Hüseyn Taib, “Bəsic” təşkilatının komandanı Məhəmmədrza Nəqdi, İran Hüquq Mühafizə Qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəm, ədliyyə, irşad, ali təhsil və daxili işlər nazirləri, İran Məhkəmə Sisteminin rəisi və onun köməkçisi, Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi və daha bir neçə nəfərin olduğu təxmin edilir.