Mayın 30-da Avropa Şurası (AŞ) Azərbaycan üçün 2018-2021-ci illər üçün Fəaliyyət Planının rəsmi təqdimatını keçirib.
AŞ Azərbaycan ofisinin rəhbəri Zoltan Hernyes qeyd edib ki, ötən ilin payızında qəbul edilmiş planın məqsədi insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində Azərbaycan qanunvericiliyinin və təcrübəsinin Avropa Şurası standartlarına uyğunlaşdırmasından ibarətdir.
Bu, sayca ikinci plandır - ilk plan 2014-2017-ci illəri əhatə edib.
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, yeni plan 4 il üçün nəzərdə tutulub, o, ənənəvi istiqamətlərlə yanaşı, gender bərabərliyi, uşaq hüquqları, sosial hüquqların təmin edilməsi, gənclər proqramlarını da əhatə edəcək.
AŞ Proqram direktorluğunun rəhbəri Verena Teylor qeyd edib ki, yeni plan məhkəmə və prokurorluq orqanlarının səmərəliliyinin artırılması, hesabatlılığın və şəffaflığın artırılması, insan hüquqları sahəsində AŞ standartlarının tətbiqinin genişləndirilməsi, penitensiar sistemdə islahatların dərinləşdirilməsi, korrupsiya və pulların yuyulmasına qarşı mübarizə, uşaq hüquqlarının təşviqi, şəxsi məlumatların müdafiəsi, mətbuat müstəqilliyinin təmin edilməsi üçün islahat aparılması üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Həmçinin, gənclərin insan hüquqları sahəsində təhsilinin artırılması, məktəblərdə demokratik və inklüziv mühitin inkişaf etdirilməsi nəzərdə tutulur. Ümumilikdə planın həyata keçirilməsi üçün təxminən 9 mln. avro xərclənməsi nəzərdə tutulur və bu məbləğin böyük hissəsini Avropa İttifaqı maliyyələşdirəcək.
Tədbirdə Azərbaycanın müxtəlif dövlət qurumlarının və beynəlxalq tərəfdaş təşkilatların, habelə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və mətbuat nümayəndələri iştirak edib.