Son iki ildə ATƏT-in Bakı ofisi 120-yə yaxın layihə icra edib. Onların bir hissəsi uğurla başa çatıb, digərləri üzrə iş davam edir. Bir sıra istiqamətlərdə gözlənilən nəticə əldə olunmayıb. Bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel bu gün Bakıda missiyasının başa çatması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Müsbət nailiyyətlər sırasında cənab Cankorel ATƏT-in Bakı ofisinin ekspert yardımı ilə məişət zorakılığına qarşı mübarizə haqqında qanunun qəbulunu qeyd edib. Qanunun qəbulundan sonra polis qurumlarında bu istiqamətdə xüsusi tədbirlər görülür.
Bundan başqa, ATƏT 2010-cu il parlament seçkiləri ərəfəsində siyasi partiyalar arasında dialoq qurulmasına; “İctimai dəstəyi olan polis” layihəsinin həyata keçirilməsinə yardım edib; 2009-cu il bələdiyyə seçkiləri öncəsi bölgələrdə maarifləndirici tədbirlər həyata keçirib; Mətbuat Şurası ilə birlikdə yeni Peşə Etikası Məcəlləsini və diffamasiya haqqında qanunun hazırlayıb.
Cənab Cankorel payızda adıçəkilən qanunun qəbul ediləcəyinə və diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv ediləcəyinə ümid etdiyini deyib.
Davam edən layihələrdən danışan cənab Cankorel bildirib ki, ATƏT-in Bakı ofisi işgəncələrə son qoyulması üzrə mexanizm tədbirlərini dəstəkləyir. Traffikinqə qarşı mübarizə tədbirləri (Ombudsman İnstitutu ilə birgə) də davam etdirilir.
Məhkəmələrin monitorinqi ATƏT-in Bakı ofisinin işinin mühüm komponentidir. 2500-dən çox prosesin monitorinqi aparılıb və xüsusi işçi qrupu Ədliyyə Nazirliyinə mövcud nöqsanların aradan qaldırılması üzrə tövsiyələr verib. Eyni zamanda, Məhkəmə-Hüquq Şurası ilə birgə məhkəmə və prokurorluq işçilərinin biliklərinin artırılması üzrə tədbirlər həyata keçirilir.
ATƏT-in Bakı ofisi həmçinin Gəncə, Şəki, Lənkəran və Sumqayıtda insan hüquqları üzrə resurs mərkəzləri yaradıb. Bu mərkəzlər 2000-dən çox vətəndaşa pulsuz hüquqi xidmət göstərib. Bundan başqa, ilkin həbs yerlərinin və cəzaçəkmə müəssisələrinin monitorinqi aparılıb.
ATƏT-in Bakı ofisi terrorizmə, korrupsiyaya qarşı mübarizə, büdcənin şəffaflığının təmin edilməsi, “çirkli pulların yuyulmasına” qarşı mübarizə sahəsində hökumətlə əməkdaşlığı davam etdirir.
Cənab Cankorel hökumətin ilin əvvəlindən başlatdığı korrupsiyaya qarşı mübarizə kampaniyasını alqışlayıb.
Əməkdaşlığın hələ istənilən nəticələri vermədiyi sahələrə toxunan cənab Cankorel ilk növbədə toplaşma azadlığını qeyd edib. “İcra qurumları toplaşmaq azadlığı haqqında qanunun tətbiqində kifayət qədər tolerant deyillər.”
ATƏT-in narahatlığını doğuran digər məsələlər seçkilərlə bağlıdır. Cənab Cankorel seçki komissiyalarının formalaşdırılması, namizədlərin qeydiyyatı, şikayətlərə baxılması prosedurları ilə bağlı problemlər olduğunu qeyd edib.
ATƏT-in diqqət mərkəzində olan daha bir mövzu Azərbaycanda medianın mətbuat azadlığı və plüralizmə riayət olunmaqla, azad iqtisadiyyat əsasında fəaliyyət göstərən biznes sahəsinə çevrilməsidir.
Həllini gözləyən digər məsələlər sırasında Cankorel Rəqabət haqqında Məcəllənin, maraqların toqquşması haqqında qanunun qəbulunu qeyd edib. Onun fikrincə, bu, məmurların öz maraqlarını güdməsini istisna edərdi.
Cənab Cankorel iki il əvvəl ATƏT-in dəstəyi ilə hazırlanmış təqsirləndirilən şəxslərin və məhkumların hüquqlarının müdafiəsi haqqında qanunun hələ də Parlamentdə qəbul edilmədiyini təəssüflə qeyd edib.
ATƏT-in Bakı ofisi Azərbaycanda xarici QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasından da narahatdır.
Jurnalistlərin İctimai Palata və hakimiyyət arasında dialoqun mümkünlüyü barədə sualına cavabda cənab Cankorel yaxın həftələrdə məsləhətləşmələrin başlayacağına ümid etdiyini deyib. O, təkcə ayrı-ayrı hadisələrlə bağlı belə dialoq keçirilməsinin deyil, müxtəlif siyasi qüvvələr arasında siyasi mədəniyyət və dialoq ənənələrinin formalaşdırılmasının vacib olduğunu qeyd edib.
Hakimiyyətin qərb diplomatlarının müxalifətlə görüşlərindən narazılığını şərh etmək xahişinə cavabda o, bildirib ki, bu, ayrı-ayrı şəxslərin şəxsi fikridir. Hökumət isə XİN-in simasında diplomatların müxtəlif siyasi qüvvələrin nümayəndələri ilə görüşmək hüququ olduğunu bildirir. Bu, onların mandatına uyğundur.
ATƏT-in Bakı ofisi xarici QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasından narahatdır
ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel missiyasının başa çatması ilə bağlı mətbuat konfransı keçirib. Son iki ildə ATƏT-in Bakı ofisinin həyata keçirdiyi layihələrdən danışıb.