Accessibility links

ATƏT-in Azərbaycanda seçkiqabağı mühitlə bağlı hesabatına müxtəlif baxışlar


ATƏT-in Azərbaycanda seçkiqabağı mühitlə bağlı hesabatına müxtəlif baxışlar
ATƏT-in Azərbaycanda seçkiqabağı mühitlə bağlı hesabatına müxtəlif baxışlar

ATƏT:"Azərbaycan hələ də seçkilərin demokratik mühitinin yaxşılaşdırılmasında çətinliklərlə üzləşir"

Qurumun seçkiqabağı vəziyyəti qiymətləndirmə missiyasının Azərbaycanda seçki öncəsi durumla bağlı yaydığı hesabatda deyilir ki, seçkilərin texniki təşkilini təkmilləşdirmək üçün tədbirlər görülsə də, Azərbaycan hələ də seçkilərin demokratik mühitinin yaxşılaşdırılmasında çətinliklərlə üzləşir. “Xüsusilə, Bakının mərkəzində siyasi partiyaların müntəzəm olaraq toplaşmaq müraciətləri rədd edildiyindən, toplaşma azadlığı faktiki olaraq çox məhduddur. Həbslər, diffamasiya üzrə məhkəmə prosesləri və jurnalistlər üzərində digər təzyiq formaları Azərbaycanda media azadlığını məhdudlaşdırır və demokratik seçki prosesinə xas olan ideyaların sərbəst ifadə edilməsi üçün əlverişli olmayan mühit yaradır”.

Hesabatda bildirilir ki, seçki komissiyalarının tərkibi üçün düstur çox mübahisəli məsələ olaraq qalır. “Çünki təcrübədə bu, hökumət tərəfdarı olan qüvvələrə bütün səviyyələrdə həlledici üstünlük verir və seçki administrasiyasının qərəzsizliyinə olan etimada xələl gətirir”.

Missiya qeyd edir ki, 2005-ci il parlament seçkilərindən etibarən “Seçki Məcəlləsi”ndə seçki prosesinə məmurların müdaxiləsinin qadağan edilməsi, şikayət və müraciətlərin nəzərə alınması üçün mütəxəssislərdən ibarət qrupun yaradılması və təkrarən səsvermədə iştirakın qarşısını almaq üçün seçicilərin barmaqlarının mürəkkəbə batırılması üzrə bəzi tədbirlər görülüb. “Lakin uzun müddətli tövsiyələrə baxmayaraq, digər mühüm məsələlərə, xüsusilə seçki komissiyasının tərkibi, nəticələrin ləğvi və hərbi səsvermə məsələlərinə baxılmayıb”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ictimaiyyətin seçki prosesinə etimadını artırmaq üçün Azərbaycanın dövlət orqanlarını hesabatda qeyd edilən məsələlərin, xüsusilə, toplaşma azadlığının təmin edilməsi, media mühitinin təkmilləşdirilməsi və seçki komissiyalarının tərkibi ilə bağlı məsələlərin həll edilməsi üçün tədbirlər görməyə çağırır.

Hesabat birmənalı qarşılanmayıb. İqtidar hesabatı hələ öyrəndiyini bildirsə də, müxalifətdə olan siyasi partiyalar və müstəqil seçki institutları sənədin reallığı əks etdirdiyini bildirir.

Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədli “Amerikanın səsi” radiosuna hesabata şərh vermək üçün bir az vaxt lazım olduğunu deyib.

“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi” mərkəzinin rəhbəri Anar Məmmədli hesabatda sadalananların Azərbaycan hökumətinin yerinə yetirəcəyinə inanmır. Eyni zamanda, o hesab edir ki, siyasi iradə olarsa ATƏT-in təkliflərinin böyük hissəsi tez bir zamanda həyata keçirilə bilər.

Müxalifətdə olan “Müsavat” partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ATƏT tövsiyələrini Azərbaycan hakimiyyətinin qəbul etməməsinə təəssüf bildirib. Onun fikrincə, ATƏT tövsiyələrini Azərbaycan hakimiyyətinə qəbul etdirə bilər və bunun üçün kifayət qədər rıçaqları var.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Azərbaycan iqtidarının beynəlxalq tövsiyələrə məhəl qoymamasını yanlış adlandırır. “Beynəlxalq birliyə qarşı çıxmaq Azərbaycanın milli maraqlarına zərbədir”.

Müxalifət tövsiyələrlə bağlı dialoqa hazır olduğunu da bildirib. Amma. cənab Hacılı hesab edir k, iqtidar bu dialoqu mümkünsüz sayır.

XS
SM
MD
LG