ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məktubunda həbsxanadakı bloger Mehman Hüseynovun vəziyyətindən və sağlamlıq durumundan ciddi narahatlıq ifadə edib.
Yanvarın 9-da açıqlanmış məktubunda Harlem Dezir Azərbaycan hakimiyyətini Mehman Hüseynova qarşı irəli sürülmüş yeni ittihamlara xitam verilməsinə çağırır.
Mehman Hüseynovun dekabrın sonlarından bəri aclıq aksiyası keçirdiyi xəbər verilmişdi.
ATƏT-in media azadlığı üzrə nümayəndəsi daha sonra yazır:
“Dərin narahatlıq yaradan budur ki, bu insident indi, Mehman Hüseynovun 2019-cu ilin martında həbsxanadan azad edilməsinə az qalmış baş verib və ona qarşı yeni ittihamlar əlavə olaraq 7 il müddətinə azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Mən hakimiyyəti Hüseynova qarşı yeni cinayət ittihamlarını ləğv etməyə və onun özünü həbsxanadan mümkün qədər tez azad etməyə çağırıram.”
Bundan əvvəl verilən xəbərlərdə hakimiyyət orqanları iddia edirdilər ki, Mehman Hüseynov dekabrın 26-da həbsxana işçisinə qarşı insident törədib. Bunun ardınca Hüseynovun barəsində istintaqa başlanıb, onun özü isə məhkəməyə qədər saxlanma təcridxanasına köçürülüb.
Mehman Hüseynov özünə qarşı bütün ittihamları rədd edib və baş verənlərə etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.
Aclıq aksiyasının onun səhhətinə ciddi ziyan vurduğu xəbər verilir.
ATƏT nümayəndəsi Azərbaycan hakimiyyətini habelə Hüseynovun sağlamlıq problemləri barədə xəbərləri araşdırmağa və Hüseynova peşəkar tibbi xidmət göstərilməsinə çağırıb.
Bloger Mehman Hüseynov 1 saylı Bakı İstintaq Təcridxanasında 15 gündür aclıq aksiyası keçirir. Səbəb azadlığa çıxmasına iki ay qalmış ona qarşı yenidən cinayət işinin açılmasıdır.
Rəsmi məlumata görə, bloger 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Mehman Hüseynov bu ittihamları rədd edir.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.