Accessibility links

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri Azərbaycan və Ermənistanı dialoqu davam etdirməyə çağırıb


ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrini təmsil edən ABŞ-ın dövlət katibi Antoni Blinken, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Jan-İv Le Drian Ermənistan və Azərbaycan arasında Minsk Qrupu həmsədrlərinin himayəsi altında birbaşa dialoqun bərpasına dəstək ifadə edirlər.

Onların birgə bəyanatında deyilir ki, həmsədr ölkələr regionda dayanıqlı sülhü təşviq etmək üçün tərəfləri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə keçirilmiş görüşlərində başlayan dialoqu, həmçinin dövlət rəhbərləri səviyyəsində əlaqələri davam etdirməyə çağırırlar.

Həmsədr ölkələr Ermənistanı və Azərbaycanı təhrikedici ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə və Azərbaycan Respublikası prezidenti, Ermənistan Respublikası baş naziri və Rusiya Federasiyası prezidentinin 9 noyabr 2020-ci il tarixli bəyanatında götürülmüş, 26 noyabr 2021-ci il tarixli bəyanatında təsdiq edilmiş öhdəlikləri və atəşkəs haqqında əldə edilmiş digər razılıqları tam yerinə yetirməyə çağırırlar.

Həmsədr ölkələr Ermənistanı və Azərbaycanı humanitar məsələlərdə, xüsusən saxlanılan şəxslər, minatəmizləmə, itkin düşmüş şəxslər, köçkünlərin könüllü şəkildə qaytarılması və tarixi abidələrin və mədəniyyət obyektlərinin müdafiəsi məsələsində konkret irəliləyiş əldə etmək üçün vasitəçilərin himayəsi altında qarşılıqlı əlaqələri davam etdirməyə çağırırlar.

Üç nazir eyni zamanda "sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası kimi nizamlanmamış digər məsələlərin həlli üzərində konstruktiv işləmək" zərurətini qeyd edirlər.

Həmsədr ölkələr demarkasiya edilməmiş Ermənistan-Azərbaycan sərhədində bu yaxınlarda baş verən insidentləri narahatlıqla qeyd edirlər və sərhəd mübahisələrinin həlli üçün gücdən və ya güc təhdidindən istifadənin yolverilməz olduğunu təsdiq edirlər.

Həmsədr ölkələr eyni zamanda Ermənistana və Azərbaycana beynəlxalq humanitar hüququn tələblərinə riayət etmək öhdəliklərini xatırladırlar və tərəfləri israrla beynəlxalq humanitar təşkilatların münaqişədən ziyan çəkən rayonlara və əhaliyə çıxışına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırmağa çağırırlar.

Həmsədr ölkələr tərəfləri yuxarıda bəhs edilən görüşlərdə müzakirə olunan humanitar təşəbbüslərin həyata keçirilməsində hiss olunan irəliləyişə nail olmaq və gələcək qarşılıqlı fəaliyyətlər üçün gündəliklə bağlı razılıq əldə etmək məqsədi ilə ATƏT Minsk Qrupu həmsədrlərini ən qısa zamanda regionda qəbul etməyə, onlara vəziyyəti yerlərdə ilk əldən qiymətləndirmək imkanı verməyə çağırırlar.

Həmsədr ölkələr, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin davam edən işinə qətiyyətli dəstək ifadə edir və tərəfləri onun səyləri ətrafında əməkdaşlıq etməyə çağırırlar.

ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr Cənubi Qafqaz regionunun təhlükəsiz, sabit, firəvan və dinc gələcəyinə kömək etmək məqsədilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin hərtərəfli həllinin axtarışı üçün tərəflərlə işə sadiq olduqlarını təsdiq edirlər.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyiblər.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayan döyüş əməliyyatlarının dayandırılması barədə 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Bu il oktyabrın 20-də Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə Üçtərəfli İşçi Qrupunun 8-ci iclasının birinci hissəsi keçirilib. Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın gələcəkdə keçirilməsi barədə razılığa gəlib.

“Bu görüşdə Azərbaycan Prezidentinin, Ermənistan Baş nazirinin və Rusiya Prezidentinin 11 yanvar 2021-ci il tarixli bəyanatı çərçivəsində Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri və bu çərçivədə görülən işlərin gedişatı müzakirə edilib,” Rusiya hökumətinin məlumatında qeyd edilir.

Bundan sonra noybarın 16-da Azərbaycan-Ermənistan sərhədində artilleriyanın istifiadəsi də daxil olmaqla lokal döyüşlər qeydə alınıb. Döyüşlər Rusiyanın təşəbbüsü ilə dayandırlıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Azərbaycan Ordusunun 7 hərbçisi həlak olub, 10 hərbçisi yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı bu ölkənin 6 hərbçisi həlak olub, 13 hərbçisi əsir düşüb, 18 əsgərinin taleyi məlum deyil.

Döyüşlər dayandırldıqdan sonra noyabrın 26-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi şəhərində görüşü baş tutub.

Noyabrın 26-da qəbul edilən Soçi bəyanatında deyilir ki, liderlər Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin xahişi əsasında Rusiyanın məsləhətçi köməyi ilə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılaşıb.

“Biz regionun iqtisadi potensialını üzə çıxarmaq üçün tez bir zamanda konkret layihələrə start verilməsinin vacibliyini vurğuladıq. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Azərbaycan və Ermənistan xalqları arasında etimad mühitinin yaradılması, habelə regionda mehriban qonşuluq münasibətlərinin qurulması maraqları naminə bundan sonra da bütün lazımi yardım göstərəcək,” sənəddə qeyd edilir.

XS
SM
MD
LG