Accessibility links

Culian Asanj həbs edilib


Yeddi ildən çox müddətdən sonra Britaniya polisi çərşənbə axşamı WikiLeaks -in təsisçisi Culian Asanjı həbs edib.

Britaniya polisi Assanjı 2012-ci ildən bəri sığınacaq tapdığı Ekvadorun Londondakı səfirliyində həbs edib.

Asanj seksual qısnama ittihamları ilə üzləşmək üçün İsveçə ekstradisiyadan yayınmaq məqsədi ilə səfirlikdə gizlənirdi.

İsveç bir müddət sonra onun barəsində aparılan təhqiqat prosesini dayandırıb. Lakin Asanj ABŞ hökumətinə məxsus məxfi sənədləri ictimailəşdirdiyinə görə Britaniyanın onu ABŞ-a ekstradisiya edəcəyindən ehtiyat etdiyinə görə səfirlikdə qalmağa davam edib.

Ekvador prezidenti Lenin Moreno çərşənbə axşamı video-bəyanatla çıxış edib və ölkəsinin belə bir qərar verməsinin səbəbini izah edərək bildirib ki, onun hərəkətləri bütün sədləri aşıb.

“Bu gün mən bəyan edirəm ki, cənab Culian Asanjın Ekvadora qarşı ədəbsiz və aqressiv hərəkətləri, onun müttəfiq olduğu təşkilatın ədavətli və hədələyici bəyanatları, ələlxüsüs beynəlxalq müqavilələrin pozuntusu vəziyyəti elə bir həddə gətirib ki, Asanjın siyasi sığınacaq statusunu saxlaması qeyri-mümkündür. Ekvador hökuməti Asanjın 2012-ci ildə aldığı diplomatik sığınacaq statusunu ləğv etməyə qərar verib” - deyə, Ekvador prezidenti bildirib.

Moreno qadağan edilmiş elektrik cihazını yerləşdirməsi, təhlükəsizlik kameralarının üzərini örtməsi, müxbirlərlə kobud rəftar etməsi və icazəsi olaraq səfirliyin təhlükəsizlik sənədlərinə baxması da daxil olmaqla, Asanjın səfirlikdə olduğu müddətdə bir sıra qayda pozuntularını sadalayıb.

Şəhər polisinin bəyanatında bildirilir ki, Asanj 2012-ci ildə Britaniya məhkəməsindən yayındığına görə səfirlikdə həbs edilib.

Polis Ekvador hökuməti Asanjın sığınacaq statusunu ləğv etdikdən sonra Ekvador səfirinin dəvəti ilə səfirliyə daxil olub.

Onun həbsindən sonra ABŞ Asanja qarşı kompüter hakerlik konspirasiyası ittihamı irəli sürüb.

Asanjın ittihamı ABŞ tarixində ən böyük gizli məlumat axını ilə bağlıdır.

Asanj 2010-cu ildə ABŞ qüvvələrinin Əfqanıstan və İraqdakı müharibələrinə dair məxfi sənədləri, Amerika həsxanalarında saxlanılan terrorçuların siyahısı və Dövlər Departamentinin 250 min sənədinin ictimailəşdirilməsində günahlandırılır.

XS
SM
MD
LG