Accessibility links

Arzu Hüseynova: Azərbaycan milli geyimləri əsas ilham mənbəyimdir


Dizayner Arzu Hüseynova ilə müsahibə
please wait

No media source currently available

0:00 0:05:31 0:00

Kaliforniyanın Los Anceles şəhərində yaşayan azərbaycanlı dizayner Arzu Hüseynovanın bu yaxınlarda "Bir arzu bir gerçəklikdir" adlı layihəsinin təqdimatı olub. Bu layihə qüsurları olan qızlara bir gün model olmaq imkanı verilir. Arzu Hüseynova Amerikanın Səsinə müsahibəsində yeni layihəsindən və dizayner kimi fəaliyyətindən danışıb.

Dilşad Əliyarlı: Dizayner olmaq arzusu nə vaxt yaranıb və siz necə moda dizayneri olmusunuz?

Arzu Hüseynova: Mən kiçik yaşlarından anamın dərzilik etdiyi atelyedə böyümüşəm. Buna görə də həmişə ıtrafda müxtəlif parçalar olub. Anam tikirdi, parçaları kəsirdi, mən də bütün vaxtımı orada keçirirdim. Bu, mənim ən böyük arzum idi. Mən dizayner olmaq istəyirdim. O vaxt fikirləşmirdim ki, bu, mümkün ola bilər. Mən anamın işinə etibar etmirdim. O mənim gəlinciklərimə don üçün parça kəsirdi. Mən də deyirdim ki, gəlinciklər o parçalardan daha kiçikdir. Özüm parçaları kəsib tikirdim, don da kiçik olurdu. Hər şeyi belə kəsdiyimə görə inanmaq çətin idi ki, bir gün dizayner olacam, nəsə yaradacam.

Dilşad Əliyarlı: Los Ancelesə nə zaman gəlmisiniz? Burada dizayner kimi nə zamandan işləməyə başlamısınız?

Arzu Hüseynova: Mən Amerika Birləşmiş Ştatlarına 2015-ci ilin fevral ayında gəlmişəm. İki ildən artıqdır buradayam. Elə gələndən dizayner kimi işləməyə başlamışam. Təbii ki əvvəlcə yerləşməlisən. Mən fikirləşdim ki, əgər indi həyatımda yeni səhifə açıramsa, bu, mütləq moda sahəsi ilə bağlı olmalıdır. Çünki bu, uzun zamandır bir arzu idi və indi onun gerçəkləşdirilməsi vaxtıdır. Bu, bir ideya idi, görmək istədiyim ən birinci iş idi. Və bu işi görməyə başladım. Əvvəlcə, fərdi moda məsləhətçisi kimi işə başladım. Reklam hazırladım, öz veb səhifəmi düzəltdim. Çünki mən bu işləri uzun müddətdir görürdüm. Sadəcə, bu işlə Amerikada məşğul olmamaşdım. İşə başlayan kimi də müştərilər gəlməyə başladı. Maraqlı budur ki, müştərilərimin çoxu kişilərdir. Mən kişilər üçün fərdi shoppinq edirəm, kostyumlar, geyim dəstləri alıram. Pul da gəlməyə başladı və mən fikirləşdim ki, artıq özümün sınaq üçün kolleksiyasını yaratmaq vaxtıdır. Mən Burning Man üçün kolleksiya hazırladım. Beləliklə, moda məsləhətçisi və dizayner kimi fəalliyyətim belə başladı. Mənə pul verildi və mən parçalar aldım.

Dilşad Əliyarlı: Modelyer, dizayner kimi sizin ilham mənbəyiniz nədir? Siz yaratdığınız dizaynlarda hansı stilə və motivlərə üstünlük verirsiniz?

Arzu Hüseynova: Mən Azərbaycanda anadan olmuşam, Rusiyada boya-başa çatmışam. 13 il Rusiyada yaşamışam. Çətin idi, vətəni çox özləyirdim. Mən Azərbaycanla bağlı hər şeyi-musiqini, mahnıları, ətirləri sevirdim. Azərbaycan deyəndə, mən bunu eşitmirəm, mən bunu hiss edirəm. Bu, mənim üçün həmişə ilham mənbəyi olub. Mən 2011-ci ildə Rusiyadan Azərbaycana qayıdanda İçəri şəhərdə işləməyə başladım. Bu, memarlıq şirkəti idi. Mən Bakıya qayıtdığımda yenidən şəhərə vuruldum. Mənim üçün Azərbaycan milli geyimlərinin yeni bir dünyası açıldı. İçəri şəhərdə də milli geyimlər, çox sayda tətbiqi sənət nümunələrinə, xalçalar və kilimlərə rast gəlmək olardı.

Dilşad Əliyarlı: Arzu xanım, bu günlər siz “Bir arzu bir gerçəklikdir” layihəsini bitirmisiniz. Bu ideya necə yarandı?

Arzu Hüseynova: Bu, çox maraqlı və mənim özüm üçün çox əhəmiyyətli bir layihədir. Bunu böyük bir nailiyyət hesab edirəm. Bu layihəni rəfiqəm Polina Kratova ilə birlikdə gerçəkləşdirmişik. O, fiziki qüsuru olan uşaqlarla işləyir. Bir dəfə o məni də özü ilə beysbol oyununa apardı. Orada bir qız var idi və Polina mənə dedi ki, o, model olmaq istəyr. Bir nəfərin nəyisə edə bilməməsini görmək insanı kədərləndirir. Çox adam deyirdi ki, bu, mümkün deyil. Mən isə fikirləşdim ki, nə üçün bu, mümkün deyil. Biz onu heç olmasa bir gün sevindirə bilərik. İki həftə keçəndən sonra Polina ilə yenidən bu haqda danışdıq. Mən onun üçün don hazırlamağa başladım. Mən onunla söhbət edib hansı geyimdə olmaq istədiyini soruşdum. İşlər addım-addım gedirdi. Bu, birinci belə layihə idi. Biz bununla onu sevindirmək, onun bir gün özünü xoşbəxt hiss etməsini istəmişik. Don da hazırlandı, sonra mən professional fotoqraf dəvət etdim. Ondan soruşdum ki, belə bir layihə neçəyə başa gələr? Biz ona pul ödəməyə hazır idik. Lakin o dedi ki, bunun üçün heç nə istəmir. Bu layihəyə kimi cəlb etdiksə, hamı dərhal razılaşdı. Bir komanda yarandı. Bura, Amerikadır, imkanlar ölkəsidir. Bəlkə kimsə, fiziki qüsuru olanlar üçün modellik agentliyi açacaq? Bəlkə bu qız sonradan tanınacaq? Bu, bir gün gerçəkləşən arzu deyil, onun model kimi karyerasının başlanğıcı ola bilər. Bəlkə bu layihə böyük bir arzunun həyata keçirilməsinə yol açacaq.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG