İran prezidenti aparıcı ölkələri “müstəmləkəçilik siyasəti”ndə günahlandıraraq, dünyanın inkişaf etməkdə olan ölkələrində yoxsulluğa səbəb olduqlarını deyib. Türkiyənin İstanbul şəhərində BMT-nin təşəbbüsü ilə keçirilən sammitdə danışan Mahmud Əhmidinejad bildirib ki, inkişaf etmiş ölkələrin istisadi siyasəti 48 Ən Az İnkişaf Etmiş Ölkədə çətinliklərə yol açıb. İran LDC adlanan bu quruma üzv olmasa da, İranın dövlət başçısı ölkəsinin iqtisadi inkişaflara yardım göstərməyə hazır olduğunu deyib. Bu təşkilata üzv ölkələrdə son 3 il ərzində illik adambaşı gəlir 750 dollardan aşağı olub. Bu sıyahıya 33 Afrika, 14 Asiya ölkəsi və Haiti daxildir. 5 günlük sammiti açıq elan edən BMT-nin baş katibi Ban Ki Mun bu ölkələrdə böyük inkişafların qeydə alındığını deyib. Tədbirdə 8 minədək nümayəndə iştirak edir.