Accessibility links

Ermənistan və Türkiyə əlaqələri normallaşdırmaq üzrə danışıqların birinci raundunu keçirib


Ermənistan və Türkiyə nümayəndələri yanvarın 14-də Moskvada uzun illər davam edən ədavətdən sonra münasibətlərin normallaşdırılmasına yönəlmiş danışıqların birinci raundunun ardınca danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç Rusiya paytaxtında görüş zamanı razılaşıblar ki, Türkiyə və Ermənistan əlaqələri “dialoq yolu ilə” və ilkin şərt olmadan tənzimləməyə çalışmalıdırlar. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İkinci görüşün tarixi və yeri diplomatik kanallar vasitəsilə müəyyən olunacaq” – deyə, nazirlikdən bildirilib.

Danışıqlarda iştirak edən Ermənistan Xarici İşlər Nazirliyi danışıqların Türkiyə ilə diplomatik əlaqələrin qurulması və iki ölkə arasında sərhədin açılması ilə nəticələnəcəyini gözlədiyini bildirib.

Ötən ay Ermənistan daha çox ermənilərə çətinlik yaradan türk mallarının idxalına qoyulan qadağanı aradan qaldırıb və Türkiyə öz növbəsində Ermənistana çarter reyslərinə icazə veriləcəyini açıqlayıb.

Sovet İttifaqının 1991-ci ildə süqutundan sonra Dağlıq Qarabağ münaqişəsi Ankara ilə Yerevan arasında münasibətlərin yaranma ehtimalına ziyan vurub. Türkiyə 1993-cü ildə Bakıdakı müttəfiqlərinə dəstək olaraq Ermənistanla sərhədi bağlayıb.

Lakin 2020-ci ildə Ermənistanla Azərbaycan arasında 44 günlük Dağlıq Qarabağ müharibəsindən sonra regiondakı dinamika dəyişib.

NATO üzvü olan Türkiyə 2020-ci ilin noyabrında Rusiyanın vasitəçilik etdiyi atəşkəslə, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etməsi ilə başa çatan müharibədə Azərbaycanı dəstəkləyib.

XS
SM
MD
LG