Accessibility links

Arif Hacılı: Seçim AXCP-nindir [Video-Müsahibə]


Arif Hacılı: Azərbaycan hakimiyyətinin balanslaşdırılmış siyasəti sona yaxınlaşır
please wait

No media source currently available

0:00 0:07:35 0:00

Arif Hacılı: Azərbaycan hakimiyyətinin balanslaşdırılmış siyasəti sona yaxınlaşır

Müsavat Partiyasının yeni seçilmiş başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində partiyanın yeni strategiyasından, qurumdaxili münasibətlərdən, Müsavatın digər partiyalara münasibətindən, xarici və daxili siyasətlə bağlı konsepsiyasından danışıb.

Amerikanın Səsi: Qurultay Müsavat Partiyasının siyasətinə hansı yeniliklər gətirəcək?

Müsavat Partiyasının qurultayını tarixi bir qurultay hesab edirəm.

Arif Hacılı: VIII qurultay həm Müsavat Partiyasının, həm də Azərbaycan siyasəti tarixi üçün əlamətdar bir hadisədir. Çünki qurultayda bir sıra yeniliklər baş verdi. Əvvəla Azərbaycan siyasət tarixində ilk dəfə olaraq bir partiyanın başqanı nizamnaməyə uyğun olaraq iki dəfədən çox öz namizədliyini irəli sürmədi və başqanlıqdan getdi. Bundan başqa Azərbaycan tarixində ilk dəfə alternativ qaydada seçki kampaniyaları keçirilməklə demokratik və şəffaf seçkilər keçirildi.

Seçki prosesinin özü ciddi müşahidə altında keçirilirdi. Bu baxımdan Müsavat Partiyasının qurultayını tarixi bir qurultay hesab edirəm.

Amerikanın Səsi: Yeniliklər nə olacaq? Sizin sədr kimi siyasətinizdə nə yeniliklər olacaq?

Müsavat Partiyasında gənc, orta və yaşlı nəslin birgə, harmonik fəaliyyətini təmin etmək niyyətindəyəm.

Arif Hacılı: Mən Müsavat Partiyasında gənc, orta və yaşlı nəslin birgə, harmonik fəaliyyətini təmin etmək niyyətindəyəm. İş bacarığı, işləməyə həvəsi və işləməyə vaxtı olan insanları müxtəlif strukturlara cəlb edəcəm. Elə bir şərait yaratmağa çalışacağam ki, partiya üçün bir iş görmək istəyən adamın fəaliyyət sahəsi olsun. Bunun üçün özümün uzun müddətli təşkilatçılıq vərdişlərimdən, Azərbaycan hakimiyyətində təmsil olunduğum illərdə əldə etdiyim idarəçilik təcrübəmdən istifadə etməyə çalışacam.

Amerikanın Səsi: İdeoloji sistemdə nə yeniliklər olacaq? Seçki siyasəti ilə bağlı, xarici, daxili siyasət kursu ilə bağlı, hökumətə münasibətdə...

Müsavat Partiyası Avroatlantik məkana inteqrasiya tərəfdarı olan bir təşkilatdır.

Arif Hacılı: Müsavat Partiyası ideoloji-syasi bir təşkilatdır. Partiyamız təməl prinsiplərinə əsaslanaraq fəaliyyət göstərən bir qurumdur. Eyni zamanda Müsavat Partiyasının siyasəti onun başqanının şəxsi iradəsindən asılı deyil. Partiyanın siyasəti müvafiq qurumlarda müzakirə olunaraq qəbul olunmuş qərarlar əsasında aparılır. Müsavat Partiyası Avroatlantik məkana inteqrasiya tərəfdarı olan bir təşkilatdır. Bu siyasət davam etdiriləcək. Müsavat Partiyası Azərbaycanda fundamental insan hüquqlarının qorunması, azad və demokratik seçkilərin keçirilməsi, ümumiyyətlə demokratik bir cəmiyyətin qurulması uğrunda mübarizə aparan bir təşkilatdır. Bu siyasət davam etdiriləcək. Müsavat Partiyası Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparır, bu siyasət də davam etdiriləcək.

Müsavat Partiyası bu günkü hakimiyyətə müxalifət mövqeyindədir. Bizim bu mövqeyimiz hakimiyyətin apardığı siyasətlə bağlıdır. Azərbaycan hakimiyyətinin apardığı siyasəti biz Azərbaycan xalqının mənafelərinə uyğun olmayan siyasət hesab edirik. Iqtidar - müxalifət münasibətlərinə gəlincə, biz demişik ki, istər iqtidarla, istərsə də digər siyasi qüvvələrlə ümummilli məsələlərdə müzakirələr aparmağa və funksional əməkdaşlığa hazırıq. Lakin Azərbaycan hakimiyyəti müxalifəti siyasi sistemin tərkibində olmayan qüvvə kimi qəbul edir və müxalifəti ümumiyyətlə sıradan çıxarmağa çalışır. Əgər hakimiyyət öz siyasətini dəyişəcəksə, bu halda müxalifətlə iqtidar arasında münasibətlərin də dəyişməsi, daha sivil münasibətlərin formalaşması mümkündür.

Amerikanın Səsi: Sizin fikriniz necədir, partiyadaxili vəziyyət necə olacaq? Qopmalar olacaqmı? Proqnozunuz?

Hesab edirəm ki, ayrı-ayrı adamlar Müsavat Partiyasını tərk etsələr də əsaslı parçalanmalar baş verməyəcək.

Arif Hacılı: Demokratik üsul-idarəsi çətin üsul-idarədir. Demokratik seçkilər keçirilən yerdə təbii ki, narazılıqlar da mövcud olur, seçkilərin nəticələrindən razı qalmayan şəxslərin müəyyən narazılıqları da özünü büruzə verir. Amma Müsavat Partiyasında ciddi parçalanmaların olacağını düşünmürəm. Hesab edirəm ki, ayrı-ayrı adamlar Müsavat Partiyasını tərk etsələr də əsaslı parçalanmalar baş verməyəcək.

Amerikanın Səsi: Sizə alternativ namizədlər, - Qubad İbadoğlu və Tural Abbaslı. Qubad İbadoğli Məclisə də namizədliyini irəli sürmədi. Münasibətiniz?

Qubad bəyin də namizədliyinin irəli sürülməməsi yəqin ki, başqan seçiləcəyinə olan inamı ilə bağlıdır.

Arif Hacılı: Partiyanın nizamnaməsinə görə başqan seçilən şəxs həm də məclis üzvü hesab olunur. Qubad bəyin də namizədliyinin irəli sürülməməsi yəqin ki, başqan seçiləcəyinə olan inamı ilə bağlıdır. Ancaq boş yerlər var, əgər istəyərsə namizədliyini irəli sürə bilər. Mənim bütün opponentlərimə münasibətim müsbətdir. Seçki kampaniyası dövründə də mən təbliğatımı pozitiv üzərində qurmuşdum, onlara qarşı hər hansı təbliğat aparmırdım. Seçkilərdən sonra da hesab edirəm ki, bizim münasibətlərimiz kifayət qədər normal olaraq qalır və birlikdə Müsavat Partiyasının ideoloji-siyasi xəttinə uyğun olaraq fəaliyyətimizi davam etdirəcəyik.

Amerikanın Səsi: Digər müxalifət partiyalarına, xüsusilə AXCP və Milli Şuraya münasibətiniz necə olacaq?

AXCP və digər siyasi qüvvələrlə münasibətlərin daha da yaxşılaşdırılmasına növbəti bir səy göstərmək niyyətindəyəm.

Arif Hacılı: Mən konkret olaraq AXCP ilə müttəfiqlik münasibətlərinin tərəfdarı olmuşam və biz uzun müddət bu partiya ilə müttəfiqlik münasibətlərində olmuşuq. Bu müttəfiqlik münasibətlərinin qurulmasında iştirak etmişik, çalışmışıq ki, müxalifətin resurslarını heç olmazsa uzlaşdırmağa nail olaq, mövcud şəraitin dəyişdirilməsi uğrunda mübarizə aparaq. Bu məsələdə də seçim AXCP-nindir. Bilirsiniz ki, bundan bir neçə ay əvvəl biz AXCP ilə müttəfiqlik əlaqələri ilə bağlı təklif vermişik. Bizim təklifimiz qüvvədədir. Müsavat başqanı olaraq mən AXCP və digər siyasi qüvvələrlə münasibətlərin daha da yaxşılaşdırılmasına növbəti bir səy göstərmək niyyətindəyəm.

Amerikanın Səsi: Milli Şuradan danışmadınız?

Milli Şura ilə bağlı Müsavat Partiyasının mövqeyi aydındır.

Arif Hacılı: Milli Şuranın üzvü olmuşuq. Milli Şura ilə bağlı Müsavat Partiyasının mövqeyi aydındır. Müsavat Partiyasının bu məsələlərlə bağlı mövqeyində hər hansı dəyişiklik baş verməyib.

Amerikanın Səsi: Siyasi məhbuslar və son həbslərlə bağlı mövqeyiniz necədir?

Azərbaycanda çox ciddi siyasi proseslərin olması mümkündür və mən başqan olaraq çalışacam ki, bu proseslərdə Müsavat Partiyası mühüm və həlledici rol oynasın.

Arif Hacılı: Azərbaycan çox çətin bir mərhələyə qədəm qoyur. Hakimiyyətin balanslaşdırılmış siyasət adlandırdığı siyasəti sona yaxınlaşır. Çünki hazırda qərblə Rusiya arasında Avrasiya məkanında təsir imkanlarının bölüşdürülməsi siyasətinin son mərhələsi başlayıb. Proseslər artıq Ukraynada gedir. Proseslərin növbəti məkanı məhz Azərbaycan olacaq. Azərbaycan hakimiyyəti də ya Avrasiya Gömrük Birliyini, ya da Avroatlantik məkana inteqrasiyanı seçmək məcburiyyətində qalacaq. Belə bir məqamda Azərbaycanda çox ciddi siyasi proseslərin olması mümkündür və mən başqan olaraq çalışacam ki, bu proseslərdə Müsavat Partiyası mühüm və həlledici rol oynasın.

XS
SM
MD
LG