Accessibility links

Arif Hacılı: Bizə hücum etdilər, hər tərəfdən yumurta atəşinə tutdular


Müsavat Partiyasının fəallarının toplantısına imkan verilməyib
Müsavat Partiyasının fəallarının toplantısına imkan verilməyib

Müsavat Partiyasının Cəlilabad rayonunda toplantısına imkan verilməyib, saxlanılanlar var

Oktyabrın 5-də Müsavat Partiyasının başqanı Arif Hacılı Cəlilabad rayonunda (Bakıdan 210 kilometr cənub) qurultay nümayəndələri ilə görüş keçirərkən polisin və mülki geyimli şəxslərin hücumuna məruz qalıb.

Bu barədə Müsavat Partiyası məlumat yayıb.

“Burada yerli təşkilatın qərargahında Cəlilabad, Masallı və Biləsuvar rayonundan olan 70-dən artıq müsavatçının iştirakı ilə toplantı keçirirdik. Mən qurultay nümayəndələrinin qarşısında təqriban yarım saat çıxış etdim. Bu zaman qərargaha 20-dən artıq polis və mülki geyimli şəxslər daxil oldu. Onlar görüşü dayandırmağımızı və rayonu tərk etməyimizi tələb etdilər. Bildirdim ki, tələb qanunsuzdur. Polislər müsavatçıları qərargahdan çıxarmağa çalışdılar. Qarşıdurma şəraitində çıxışımı sona çatdırdım,” Arif Hacılı bildirib.

Müsavat başqanı qeyd edib ki, qərargahdan çıxdıqdan sonra onlara polis və mülki geyimli şəxslər hücum edib.

Hakimiyyət nəinki Azərbaycanda, hətta bir partiyada demokratik seçkilərin keçirilməsini istəmir, çünki demokratik seçkidən qorxur.
Arif Hacılı, Müsavat Partiyasının başqanı


“Bizə hücum etdilər, hər tərəfdən yumurta atəşinə tutdular. Müsavat fəallarından 8 nəfər saxlanıldı,” Müsavat başqanı qeyd edib.

“Saxlanılanlardan 6 nəfər artıq sərbəst buraxılıb. Müsavat Partiyasının Cəlilabad təşkilatının sədri Azər Əsgər və Məclis üzvü Əlipənah Rzalı hələ də qanunsuz olaraq polisdə saxlanılır ,” Hacılı Amerikanın Səsinə bildirib.

Müsavat Partiyasının baş verən hadisəni Azərbaycan hakimiyyətinin narahatçılığında doğan özbaşınalıq kimi qiymətləndirib.

“Hakimiyyət nəinki Azərbaycanda, hətta bir partiyada demokratik seçkilərin keçirilməsini istəmir, çünki demokratik seçkidən qorxur,” o qeyd edib.

Müsavat Partiyasının başqanl baş verənlərlə bağlı partiyada məsləhətləşmələr apardıqdan sonra rəsmi qurumlara şikayət verilib-verilməməsi barədə qərar ediləcəyini bildirib.

Müsavat Partiyasının 9-cu qurultayı oktyabr ayının 12-də keçiriləcək. Partiya başqanlığına Arif Hacılı ilə yanaşı digər namizədlər Tofiq Yaqublu və Yadigar Sadıqlı da oktyabrın 4-də Qəbələ rayonunda polisin təzyiqi ilə üzləşdiklərini, rayon ərazisindən uzaqlaşdırıldıqlarını bildirib.

Rəsmi qurumlar baş verənlərlə bağlı hələ açıqlama verməyib.

Müsavat Partiyası Azərbaycanda mövcud olan ən yaşlı siyasi partiyadır. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadə və milli demokratiya ideoloqları tərəfindən qoyulub.

"Müsavat"ın ilk qurultayı 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilib.

1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası Azərbaycanın istiqlalını elan edib. Milli Şuranın sədri vəzifəsinə Rəsulzadə seçilib.

1918-1920-ci illərdə dövlət quruculuğu prosesində, parlament seçkilərində, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olub.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra partiya öncə gizli, sonradan siyasi mühacirətdə fəaliyyət göstərib.

1992-ci ildə Azərbaycanda Müsavat Partiyasının fəaliyyəti bərpa edilib. Xalq Cəbhəsinin liderlərindən biri, parlamentin o zamankı spikeri İsa Qəmbər partiyanın sədri seçilib.

Arif Hacılı partiyanın 2014-cü ilin oktybarında keçirilən 8-ci qurultayında başqan seçilib.

XS
SM
MD
LG