Accessibility links

Araz Əzimov: Ukraynadakı vəziyyət ciddi narahatlıq doğurur


Araz Əzimov
Araz Əzimov

Azərbaycan xarici işlər nazirinin müavini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Polşa sədrliyi tərəfindən Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı Ukraynadakı vəziyyətə toxunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, xarici işlər nazirinin müavini Araz Əzimov Ukraynada və ətrafındakı vəziyyətin ciddi narahatlıq doğurduğunu qeyd edib.

"Vəziyyətin gərginləşməsinin itkilərin olmasına səbəb olduğu qeyd edilərək, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı bildirilib.

Mövcud vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında dinc və diplomatik yollarla həllinin vacib olduğu vurğulanıb.

Mövcud durumda, vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün təxirəsalınmaz dialoqa çağırış edilib,” Xarici Işlər Nazirliyinin Mətbuat xidməti idarəsi bildirib.

Xatırladaq ki, rəsmi Bakı hələ ayrıca bəyanat şəklində Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasına münasibət bildirməyib.

Müharibənin başlamasından öncə, fevralın 22-23-də prezident İlham Əliyev Moskvada rəsmi səfərdə olub. Fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıb.

Prezident Əliyev səfəri zamanı Rusiyanın Ukraynanın Donbas və Luqansk regionlarını tanıması ilə bağlı hər hansı bəyanatla çıxış etməyib.

Bununla yanaşı, fevralın 6-da Azərbaycan Prezidenti Ukrayna ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə bu ölkənin prezidenti Volodimir Zelenskiyə ünvanladığı məktubunda bildirib ki, Azərbaycan və Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipinə sadiq qalaraq, bir-birinin ərazi bütövlüyünü dəstəkləyir.

Bundan öncə, yanvarın 14-də prezident İlham Əliyev Ukraynaya rəsmi səfər edib.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski fevralın 24-də Facebook hesabında yazıb ki, Azərbaycanın sadə vətəndaşlarından, xüsusən də sosial şəbəkələrdə Ukraynaya dəstək üçün çoxlu telefon zəngləri və mesajlar alıb.

“Bu, mənə İkinci Qarabağ müharibəsi zamanı sadə ukraynalıların Azərbaycanı necə dəstəklədiyini xatırladır. Ölkəmiz üçün belə çətin bir zamanda Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirən bütün azərbaycanlılara dərin təşəkkürümüzü bildiririk!” səfir qeyd edib.

XS
SM
MD
LG