Accessibility links

Amerikanın Səsinə müsahibə: Dövlət Katibi Blinken Rusiya Ukraynaya təcavüz etdiyi təqdirdə fəsadlarla üzləşəcəyini deyir


ABŞ Dövlət Katibi Antoni Blinken Ukraynaya səfəri çərçivəsində Amerikanın Səsinə verdiyi müsahibədə Co Bayden administrasiyasının Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almaq üçün Moskvaya diplomatiya yolunu seçməklə aqressiyanın nəticələri ilə üzləşmək arasında seçim verdiyini bildirib. Blinken Rusiyanın diplomatiya yolunu seçəcəyinə ümid bəslədiyini qeyd edib.

“Ancaq biz həmçinin açıq şəkildə bildirmişik ki, əgər Rusiya yenidən Ukraynaya təcavüz etməyi seçsə, biz - və təkcə Birləşmiş Ştatlar deyil, Avropa boyu bir çox ölkələr və hətta digərləri - buna güclü və qətiyyətli şəkildə və üç yolla cavab verəcəyik,” Blinken deyib.

Blinken ilk növbədə Avropa müttəfiqləri və tərəfdaşları ilə birlikdə hərtərəfli sanksiyalar, ixraca maddi və iqtisadi nəzarətlərin tətbiqi üzərində işlədiklərini bildirib.

“İkinci olaraq Ukrayna əlavə yardım, müdafiə və hərbi dəstəklə təmin olunacaq. Üçüncüsü isə NATO-nun şərq cinahında müdafiəsini gücləndirəcəyi, demək olar ki, dəqiqdir.”

Blinken ötən həftə NATO və ATƏT-də Rusiya ilə keçirilən görüşlərdən sonra cümə günü Lavrovla görüşəcəyini və həmin görüşlərdə müzakirə olunan məsələlərə Rusiyanın cavabını öyrənəcəyini bildirib.

Dövlət Katibi hələ ki, Kremlin mövqeyində bir dəyişikliyik görmədiyini bildirib, çünki Rusiyanın hələ də Ukrayna ilə sərhədində böyük əsgəri qüvvəsi yerləşdirilib. Lakin o, son günlərdə tərəflər arasında görüşlərin keçirilməsinin diplomatiya yolunun hələ də mümkün olduğuna işarə etdiyini bildirib.

“Bizim Cenevrədə görüşümüz, son 10 gündə keçirilən müzakirələr və fikir mübadilələri onu göstərir ki, diplomatiya hələ də mümkündür və biz mümkün olan nöqtəyə qədər bu yolda irəliləmək qətiyyətindəyik,” o deyib.

Bundan öncə ABŞ Dövlət Katibi Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Blinken ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təkrar edib.

"Özlərinin və bu ölkənin gələcəyi ilə bağlı heç kim deyil, yalnız ukraynalılar qərar verməlidir," o bildirib.

Blinken həmçinin Rusiya-Ukrayna sərhədində diplomatiyadan istifadə etmək və münaqişənin gərginliyini azaltmaq üçün “açıq imkan”ın olduğunu, lakin Rusiya Ukraynaya qarşı təcavüzü bərpa edərsə, “kütləvi fəsadlarla” üzləşəcəyini deyib.

XS
SM
MD
LG