Accessibility links

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbərinə ölkədən çıxmaq qadağan edilib


Anar Məmmədli
Anar Məmmədli

İstintaqın nə zaman yekunlaşacağı bəlli deyil

Noyabrın 25-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədliyə, mərkəzin icraçı direktoru Bəşir Süleymanlıya və Könüllülərin Beynəlxalq Əməkdaşlıq Birliyinin sədri Elnur Məmmədova ölkədən xaricə çıxmamaları barədə rəsmi xəbərdarlıq edilib.

Bu barədə Amerikanın Səsinə SMDTM-nın rəhbəri Anar Məmmədli bildirib.

Onun sözlərinə görə xəbərdarlıq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən edilib. O, qadağaların açılmış cinayət işi ilə bağlı olduğunu deyib.

“Bu gün mənə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsindən bildirdilər ki, noyabrın 27-29-da Vilnusda keçiriləcək Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələri sammitində iştirak edə bilməyəcəm. Çünki, ölkənin bütün sərhəd-keçid məntəqələrində mənim hərəkət azadlığımın məhdudlaşdırılması barədə göstəriş verilib".

Məmmədlinin sözlərinə görə istintaqın nə vaxt yekunlaşacağını soruşanda, bu barədə məlumatsız olduqlarını deyiblər.


Oktyabrın 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin əməkdaşları Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzində axtarış aparıb.

Külli miqdarda vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla bağlı cinayət işi qaldırılıb. Mərkəzin əməkdaşları istintaqda dindirilib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi bunu təşkilata olan siyasi təzyiq kimi qiymətləndirir.
XS
SM
MD
LG