Accessibility links

ANAMA direktoru: BMT-nin nümayəndəsi dəvət edilib, minalanmış ərazilərdə qiymətləndirmə aparılıb


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov Amerikanın Səsinə müsahibəsində Dağlıq Qarabağda döyüş əməliyyatları dayandırıldıqdan sonra minatəmizləmə sahəsində aparılan işlərdən, partlamamış mina və döyüş sursatlarının zərərsizləşdirilməsi ilə bağlı problemlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanın azad edilmiş ərazilərində monitorinqlər aparılıbmı? Nə qədər mina, nə qədər partlamamış hərbi sursat və silah-sursat qalıqları var?

Kriteriyalara uyğun olaraq müdafiə zolağının birinci, ikinci, üçüncü eşelonu ən böyük minalanmış ərazilərdir.

Qəzənfər Əhmədov: ANAMA 10 noyabr tarixdən, hətta noyabrın əvvəllərindən etibarən işğaldan azad edilmiş ərazilərdə təcili və təxirəsalınmaz minatəmizləmə əməliyyatlarına başlayıb. Hazırda əsas hədəfimiz və tapşırıqlarımız humanitar dəhlizlərin açılması, işğaldan azad edilmiş ərazilərə elektrik xətlərinin çəkilməsi, su, təminat, təchizat, yolların təmizlənməsi və yeni yolların çəkilməsi ilə bağlı əməliyyatlar aparmaq, zəruri olan tədbirlər görməkdir. BMT-nin nümayəndəsi dəvət edilib və əraziləri gəzərək qiymətləndirmə aparılıb. Yüksək, orta və az çirklənmiş ərazilər müəyyən edilib. Bu gün ərazidəki minaların və partlamamış sursatların nə qədər olduğunu dəqiq demək çətindir. Nə vaxt ki, genişmiqyaslı minatəmizləmə əməliyyatları başlayacaq, o zaman görünəcək ki, nə qədər mina və partlamamış hərbi sursatlar var. Əlbəttə, kriteriyalara uyğun olaraq müdafiə zolağının birinci, ikinci, üçüncü eşelonu ən böyük minalanmış ərazilərdir. Həmin ərazilərdə piyada əleyhinə minalar, PMN, PMN-2, OZM-72 və başqa minalar basdırılıb. Bundan əlavə PMN-Э markalı az metal tərkibli minalar, tank əleyhinə minalar, TM-57, TM-62P, TM-62P2, TM-62P3, TM-62M və başqa minalar basdırılıb. Artıq mülki şəxslərin azad edilmiş ərazilərə kənar yollarla keçməsi nəticəsində bir neçə hadisə baş verib. Mülki şəxlər səngərlərdən, dağlıq ərazilərdən, cığırlardan istifadə edərək xəlvəti yolla bilmədən minalanmış əraziyə keçib, insidentlər baş verib. Füzuli rayonunun Alxanlı kəndi ərazisində iki qardaş minaya düşmüşdü. Həmin ərazidə xilasetmə əməliyyatları aparan zaman bir əməkdaşımız minaya düşərək ayağını itirib. Həmin ərazidə xilasetmə işləri aparılarkən müəyyən edilib ki, Alxanlı kəndi ərazisində minlərlə mina basdırılıb. Bundan əlavə minatəmizləmə əməliyyatlarının aparılması, zolaqların təmizlənməsi, yolların təmizlənməsi, düşmən həmin əraziləri tərk edəndə hazır vəziyyətdə qoyulmuş minalar sübut edir ki, Ermənistan tərəfindən piyada əleyhinə minalar istehsal olunub. Həmin ərazilərə əvvəldən də, tərk edəndə də minalar qoyulub. Çox diqqətli olmaq lazımdır. Mülki əhalidən dəfələrlə xahiş etmişik, indi də xahiş edirik ki, icazəsiz olaraq ərazilərə daxil olmasınlar. Son günlər həm hərbçi, həm də mülki şəxslər minaya düşüb. Minalanmış ərazilərə yalnız xüsusi təlimlərdə iştirak etmiş və icazəsi olan şəxslər buraxıla bilər. Həmin ərazilər çox təhlükəlidir və müdaxilə etmək qəti qadağandır. Biz bir daha əhalidən azad edilmiş ərazilərə səfərlər etməməyi və minalanmış ərazilərə daxil olmamalarını xahiş edirik.

Amerikanın Səsi: Orta hesabla, təxminlərə görə Azərbaycan ərazilərində nə qədər mina var? Əsasən hansı rayonların əraziləri daha çox minlanıb?

Qəzənfər Əhmədov: Bir daha deyirəm ki, minaların miqdarı və hansı rayonun ərazisində daha çox olmasını demək bir qədər çətindir. Minatəmizləmə əməliyyatları aparılanda o özünü göstərəcək. Buna əsaslanaraq təxmini statistik məlumatlar deyə biləcəyik. Bu gün onların sayını demək çox çətindir. Amma minalar ən çox köhnə təmas xətti deyilən zonada basdırılıb.

Amerikanın Səsi: Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün nə qədər vaxt lazımdır? Sizin bugünkü işçi potensialınız, texniki potensialınız buna imkan verirmi? Əraziləri nə vaxta minlaradan təmizləmək olar?

Dövlət tərəfindən prioritetlər təyin olunur. Həmin prioritetlərə görə birinci dərəcəli yollar, elektrik xətləri, su təminatı, dövlət mülki əhəmiyyətli obyektlər və başqa ərazilər təmizlənilir.

Qəzənfər Əhmədov: Dəqiqliklə bir ilə, beş ilə, on ilə təmizlənəcəyini demək çətindir. Amma əlbəttə dövlət tərəfindən prioritetlər təyin olunur. Həmin prioritetlərə görə birinci dərəcəli yollar, elektrik xətləri, su təminatı, dövlət mülki əhəmiyyətli obyektlər və başqa ərazilər təmizlənilir. Ondan sonra ikinci dərəcəli prioritetlər hansı ki, evlər tikiləcək, şəhərlər, qəsəbələr salınacaq ərazilər təmizlənəcək. Üçüncü dərəcəli, camaat köçürüləndən sonra yaşamaq və işləmək üçün əkin sahələri, otlaq sahələri təmizlənəcək. Axırıncı prioritet meşə sahələri, dağlıq ərazilər, mülki şəxslərin hərəkət edəcəyi ərazilər təmizlənəcək. Füzuli rayonu ərazisindəki Zobcuqda keçirdiyimiz əməliyyat bir daha göstərdi ki, bu plan çox düzgündür. Heç kim oturub gözləməməlidir. Ərazilər təmizlənməlidir ki, tikinti işləri aparılsın. Biz tikintini aparan şirkətlərlə birgə işləyəcəyik, əraziləri təmizləyib tikinti şirkətlərinin ixtiyarına verəcəyik. Onlar da öz növbəsində tikinti-təmir işlərini aparacaq. Yaxın müddət ərzində birinci və ikinci dərəcəli prioriteti olan əraziləri təmizləyəcəyik. Mümkün qədər tez müddətdə əraziləri təmizləyib təhvil verəcəyik ki, əhali tez bir zamanda köçə bilsin.

Amerikanın Səsi: Azərbaycanın beynəlxalq donorların iştirakı ilə ərazilərin minalardan təmizlənməsi ilə bağlı praktikası var. Bu gün beynəlxalq donorlardan çağırışlar varmı?

Onlar minaların təmizlənməsinə öz dəstəklərini göstərməyə hazır olduqlarını bildirib.

Qəzənfər Əhmədov: Biz bütün diplomatik korpuslara, o cümlədən beynəlxalq humanitar təşkilatlara, ölkələrə hansı ki, humanitar mina təmizlənməsində özlərini donor kimi göstəriblər, onlara müraciətlər etmişik. Artıq onlardan suallar almışıq. Onlar minaların təmizlənməsinə öz dəstəklərini göstərməyə hazır olduqlarını bildirib. Biz gözləyirik ki, həmin dövlətlər, beynəlxalq təşkilatlar yaxın zamanda öz töhfələrini verəcək.

XS
SM
MD
LG