“Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı aprelin 2-də İctimai Palatanın Bakıda keçirdiyi mitinqə görə cinayət məsuliyyətinə cəlb olunan və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilən şəxsləri vicdan məhbusları hesab edir.
“Media forum” saytının məlumatına görə, 2 aprel aksiyasına görə barəsində cinayət işi açılmış 8 nəfər həbsdədir: müsavatçılar Arif Hacılı, Tural Abbaslı, Əhəd Məmmədli, Elşən Həsənov, AXCP üzvləri Məhəmməd Məcidli, Sahib Kərimov, Babək Həsənov və vətəndaş Ülvi Quliyev. AXCP-çi Fuad Qəhrəmanlıya qarşı da 2 aprel mitinqinə görə cinayət işi açılıb. O, istintaq müddəti ərzində polisin nəzarətinə verilib. Bundan başqa, “Facebook” sosial şəbəkəsində elan olunan “11 Mart – Böyük Xalq Günü” aksiyasının təşkilatçısı, hazırda Fransada yaşayan Elnur Məcidliyə qarşı da Bakıda cinayət işi açılıb və onun barəsində beynəlxalq axtarış elan edilib.
“Amnesty İnternational” təşkilatı hesab edir ki, Avropa Şurasının üzvü olan Azərbaycanda hüquq böhranı yaşanır. “Azərbaycan hakimiyyəti müxalifətin son aksiyalarını və aprelin 17-nə nəzərdə tutulmuş yeni mitinqi susdurmaq məqsədilə yeni həbslər və ittihamlar dalğasına başlayıb”.
Təşkilat Azərbaycan hakimiyyətinin ifadə və toplaşmaq azadlıqlarını sistematik pozmasından, ayrı-ayrı fərdlərə qarşı hüquq pozuntularından çox nigaran olduğunu bəyan edib.
“Amnesty İnternational” Avropa Şurası Parlament Assambleyasını Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarını pozduğu üçün Azərbaycan hökumətini qınamağa çağırıb.