Accessibility links

Amnesty International və ADAPP Səid Mətinpur üçün birgə kampaniya keçirib [Fotoqalereya]


Amnesty International və İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Birliyi (ADAPP) tanınmış güneyli jurnalist Səid Mətinpurun artıq beşinci ildir Tehranın Evin zindanında keçirdiyi doğum günü münasibəti ilə birgə kampaniya təşkil edib.

“Sentyabrın 21-də Kanadanın Vankuver şəhərinin mərkəzində keçirilən tədbirdə Səid Mətinpurun azadlığını tələbi ilə İranın ali ruhani liderinə unvanlanmış poçt kartları şəhərin 156 sakini tərəfindən imzalanıb,”-deyə ADAPP idarə heyətinin üzvü Valeri Patrik Amerikanın Səsinə bildirib.

“Bu internetdə elektron poçtu vasitəsi ilə həyata keçirilən bir kampaniya deyil. İnsanlar bu poçt kartlarını oxuyub imzalayır. Beləliklə İran rəsmilərinə bildirilir ki, həqiqi insanların Səid Mətinpur haqqında məlumatı var,”-deyə Valeri Patrik vurğulayıb.

Amnesty International tərəfindən hazırlanan poçt kartları və broşürlərdə qeyd edilir ki, Səid Mətinpur mənsub olduğu cəmiyyətdə insan hüquqları uğrunda apardığı dinc fəaliyyətlərlə əlaqədar səkkiz il həbs cəzasına məhkum olub. Onun vicdan məhbusu olduğu, dərhal və qeyd-şərtsiz olaraq sərbəst buraxılmalı olduğu bildirilir. Burada həmçinin Səid Mətinpurun 2007-ci ilin mayında İran Azərbaycanında keçirilən kütləvi etirazların ildönümü həbs edildiyi, 2006-cı ilin kütləvi etirazlarında yüzlərlə insanın həbs edildiyi və təqribən 20 nəfərin həyatını itirdiyi, Mətinpurun Beynəlxalq Ana Dili Günü Münasibəti ilə keçirilən aksiyalarda iştirakına görə də nəzarət altına alındığı və sorğu-sual prosesində işgəncəyə məruz qaldığı haqda faktlar da qeyd edilib.

İranın ali ruhani liderinə müraciətdə Səid Mətinpurun dərhal və qeyd-şərtsiz azadlığa buraxılması ilə yanaşı, İranda qeyr-fars uşaqların ana dilində təhsil almaq haqqının təmin edilməsi də tələb edilir.

Kampaniyada həmçinin Kərəcin Rəcayi-şəhr zindanında saxlanılan 9 il həbsə məhkum olmuş Yeni GAMOH üzvləri Lətif Həsəni, Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Şəhram Radmehr və Behbud Quluzadənin vəziyyəti ilə əlaqədar olaraq petisiya imzalanıb.
XS
SM
MD
LG