Accessibility links

Amnesty International: Elçin Məmməd dərhal azad olunmalıdır


"Azərbaycanda insan haqları müdafiəçisi Elçin Məmməd ölkədə insan haqlarının durumu haqda tənqid xarakterli hesabat yazdıqdan sonra qondarma ittihamlarla həbs olunub. Elçin Məmməd dərhal və qeyd-şərtsiz azad edilməlidir."

Bu barədə Amnesty International təşkilatı məlumat yayıb.

Təşkilat dünya boyu insanları Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova bu barədə məktub yazmağa səsləyir.

"Elçin illər boyu insan haqları sahəsindəki fəaliyyətinə görə hakimiyyət tərəfindən təqiblərə məruz qalıb. 2015-ci ildə onun təşkilatı araşdırılıb, özü saxlanılıb, səyahətinə məhdudiyyətlər tətbiq edilib," Amnesty International bildirir. “Növbəti cinayət işi yenidən qondarma ittihamlara əsasanır və bu, onun insan haqları sahəsindəki işinə və tənqidi hesabatlarına görə qisas aktıdır.”

Ailə üzvlərinin məlumatına görə, Elçin Məmməd Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə şübhəli şəhs qismində saxlanılıb.

"Tutma protokolu tərtib olunub və Elçin hazırda Sumqayıt şəhər polis idarəsində saxlanılır," ailə üzvü deyib.

Elçin Məmmədin yaxınları əlavə edib ki, onun rəhbərlik etdiyi "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" adlı təşkilatın ofisində axtarış aparılıb.
"Məhkəmənin qərarı əsasında ofisdə axtarış aparılıb. Cinayət işində adı keçən zinət əşyaları ofisdən çıxıb. Üstəlik də doqquz ədəd patron aşkar olunub. Elçin Məmməd evə zəng vuranda özü bu əşyaların ora kiminsə tərəfindən qoyulduğunu vurğulayıb və onun tərəfindən ora qoyulmadığını bildirib."

Vəkil Fariz Namazlı Elçin Məmmədin barəsində tutma protokolunun tərtib edilməsini təsdiq edib və araşdırma aparıldığını bildirib.

Bir neçə gün əvvəl Sumqayıt sakini Aysel Mustafayeva Elçin Məmməddən polisə şikayət verib. O bildirib ki, Elçin Məmməd onun çantasından 7500 manatlıq zinət əşyalarını oğurlayıb. Hüquq müdafiəçisi bunu cəfəngiyyat adlandırıb.

Elçin Məmməd tutulmasından əvvəl bildirib ki, Sumqayıt sakini Aysel Mustafayeva onun xeyrinə məhkəmə qərarının icra edilməməsi ilə bağlı hüquqi yardım göstərilməsi xahişi ona müraciət edib.

“Daha sonra o məndən şikayət verib, guya onun çantasından 7500 manatlıq zinət əşyası oğurlamışam. Bu, tamamilə cəfəngiyyatdır. Bu qadın artıq criminal.az saytının redaktoru Anar Məmmədova qarşı yalançı şahidlik edib," Elçin Məmməd bildirib.

Hüquq müdafiəçisi ona qarşı ittihamı Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında martın 24-də "Yüksəliş naminə" saytında dərc etdiyi hesabatla əlaqələndirib.

XS
SM
MD
LG