Azərbaycanın xalq artisti, muğam ustası, 18 ildir dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Məcnun obrazını yaradan Mənsum İbrahimov bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeninə layiq görülüb. Amerikanın səsinə müsahibəsində ustad xanəndə dedi ki, ona təqdim edilən bu yüksək mükafat muğam sənətinə və bütün muğam ifaçılarına aiddir. Mənsum bəyAzərbaycan muğamının bu gün artıq bütün dünyada tanındığını və böyük uğur qazandığını dedi.
Aprel ayının 1-dən 5-nə qədər Mənsum İbrahimov və onun “Qarabaq üçlüyü” Hollandiyanın məşhur “Tropen” şirkətinin dəvəti ilə ilə Belçika və Hollandiyanın müxtəlif şəhərlərinə qastrol səfərinə çıxacaq. Xanəndə konsertlərdə əsasən muğam, xalq mahnıları və təsniflərin ifa ediləcəyini bildirdi. Mənsum bəy deyir ki, harada olursa-olsun artıq bunun bir ənənə kimi hər konsertin sonunda o, “Qarabağ şikəstəsi”ni ifa edir.
Mənsum İbrahimov 18 ildir Üzeyir Hacıbəyovun şah əsəri olan “Leyli və Məcnun” operasında Məcnun rolunun ifaçısı kimi səhnəyə çıxır. O bu yaxınlarda “Muğam” festivalında bu rolu 115-ci dəfə ifa etdiyini bildirdi. Xanəndə Məcnun rolunu YUNESCO-nun səhnəsində də ifa etdiyini dedi. Müğənni opera səhnəsində ifa etdiyi digər rollarından da danışdı.
Bu yaxınlarda Mənsum İbrahimovun “Yana-yana kül oldum” adlı albomu işıq üzü görüb. Müğənni gələcək planlardan danışaraq dedi ki, simfonik orkestr və Azərbaycanın görkəmli dirijorları ilə birlikdə muğamların ifası kimi yeni bir layihə üzərində iş gedir. Mənsum İbrahimov bu yaxınlarda həmin layihə çərçivəsində Latviyada çıxış edəcəyini bildirdi.