Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza Nyu-York və Vaşinqtonda törədilmiş 11 sentyabr terror hücumlarının onuncu ildönümü ilə bağlı rəsmi xatirə mərasimi təşkil edib. Mərasimdə Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev, Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov, Müdafiə Nazirliyinin və digər rəsmi qurumların təmsilçiləri, yerli dini konfesiyaların rəhbərləri, Əfqanıstanda mübarizə aparan və ölkənin yenidən qurulmasında iştirak edən koalisiya əməkdaşları, habelə Əfqanıstandakı beynəlxalq səylərə mühüm nəqliyyat dəstəyi verən və terrorçuluğa qarşı mübarizədə kömək göstərən ölkələrin diplomatik nümayəndələri iştirak edib.
İlk öncə Amerika Müdafiə Nazirliyinin əməkdaşları terrorla mübarizədə həyatını qurban verənlərin xatirəsinə əklil qoyub. ABŞ Dəniz Qüvvələrinin Avropa Hərbi qrupu həlak olanların şərəfinə matəm marşı ifa edib.
Səfir Brayza hücumdan sonra meydana çıxan həmrəyliyi yüksək dəyərləndirib. Onun fikrincə, birgə əməyin nəticəsidir ki, bütün millətlər daha təhlükəsiz vəziyyətdədirlər. “Beynəlxalq icma olaraq göstərdik ki, terrorçular və onları idarə edən ideoloji ekstremistlər bizim vətəndaşların güc və dözümü ilə müqayisə edilə bilməzlər”.
O xatırladıb ki, 11 sentyabr hücumlarından 24 saat keçməmiş mərhum prezident Heydər Əliyev Birləşmiş Ştatlara qeyri-hərbi hava qüvvələri üçün ölkə üzərindən məhdudiyyətsiz uçuş icazəsi təklifi verib. “Həmrəyliyin bu ani ifadəsi həmin gün prezident də daxil olmaqla, Ağ Evdə olanların hər biri üçün böyük məna kəsb edirdi. Azərbaycanın sayəsində bildik ki, biz tək deyilik, ən böyük ehtiyac anında əllərini uzadan dostlarımızla həmrəy qalacağıq”.
Səfir qlobal əməkdaşlıq şəraitində Amerikaya bir çox terror hücumlarının qarşısının alındığını deyib. “Bir neçə il öncə Amerikanın Azərbaycandakı səfirliyinə dəhşətli hücumun qarşısını aldığına görə isə azərbaycanlı həmkarlarımıza təşəkkürümü bildirirəm. Azərbaycan sentyabrın 12-dən Amerikanın terrorizmə qarşı mübarizəsini dəstəkləyən dövlətdir. Azərbaycan Kosovoda Amerika ilə çiyin-çiyinə olub. Bu ölkə İraqa qoşun göndərən Qazaxıstan və Albaniya ilə yanaşı üç müsəlman ölkəsindən biridir”.
Cənab Brayza Azərbaycan və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstək verən digər ölkələrə də Əfqanıstandakı əməkdaşlıqlarına görə təşəkkürünü bildirib. O, Əfqanıstanda beynəlxalq təhlükəsizliyi və yenidənqurma işlərini dəstəkləmək məqsədilə qeyri-hərbi yüklərin daşınmasında Azərbaycanın və qonşu ölkələrin vacib rolunu qeyd edib. Bu əməkdaşlığı vurğulamaq üçün 6 iyul 2011-ci ildə Əfqanıstanın Baqram hava limanına yaxınlaşarkən qəzaya uğramış və beş Azərbaycan, dörd Özbəkistan vətəndaşının həyatına son qoyan Azərbaycanın SilkWays Hava Yolları Şirkətinin təyyarəsinin heyət üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Xarici İşlər Nazirinin müavini Hafiz Paşayev bildirib ki, 11 sentyabr hadisələri bütün dünyanı dəyişib, yeni əlaqələr yaradıb. “Tarix çox az sayda belə dönüş anlarına şahidlik edib. Dünya bir də, heç vaxt əvvəlki kimi olmayacaq. Tarixdə ilk dəfə olaraq dünyanın supergücü olan Amerikanın köməyə ehtiyacı var idi. İftixar hissi ilə bildirirəm ki, prezident Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan Amerikaya ilk kömək edən dövlətlər sırasında olub. Bu, müəyyən mənada təbiidir. Çünki Azərbaycan terrorizmdən zərər çəkən ölkə olaraq, bu beynəlxalq bəlanın təhlükəsini çox yaxşı anlayır və onu aradan qaldırmaq üçün beynəlxalq tərəfdaşlarla səylə çalışır. Prezident Əliyev Amerikaya təmənnasız kömək etməklə bu, dövlətlə əməkdaşlığı tamamilə yeni, daha yüksək, strateji baxımdan daha önəmli səviyyəyə qaldırdı. Biz sözün əsl mənasında tərəfdaş olduq. Azərbaycan ABŞ-ın komandanlıq etdiyi koalisiya qüvvələrinə Əfqanıstanda kömək edir, İraqda sülhməramlı əməliyyatlarda iştirak edib, öz hava məkanından uçuşlara imkan verib”.
Nazir müavinin dediyinə görə, Azərbaycan Amerika ilə enerji sahəsində əla əməkdaşlığı təhlükəsizlik sahəsində də təkrarlayır.
“Bu siyasət və ölkələrimiz arasındakı strateji tərəfdaşlığa sadiqlik bu günə kimi prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mən, bu yerdə Azərbaycana qarşı olan, Konqresdəki müəyyən maraq qruplarının uzunmüddətli müqaviməti ilə qəbul edilmiş və hüquqi qüvvəsi dayandırılmış “Azadlığı Müdafiə Aktına 907-ci düzəliş”i də xatırlatmaq istəyirəm”.
Cənab Paşayevin fikrincə, 11 sentyabr xalqların, ölkələrin, hər bir şəxsin vahid təhdid qarşısında birliyinin nümayişi idi. “Sanki bütün bəşər nəhayət şər qüvvələrə qarşı əməkdaşlıq və birlik rolunda idi. Amma, birliyin bu təbii toplaşmasından tam istifadə olunmadı. Ötən on ilin öyrənilmiş dərsləri barədə düşünərkən, qeyd etmək istəyirəm ki, Amerikanın terrora verdiyi cavab mədəni anlayışları nəzərə almadan, başlıca olaraq emosiyalara əsaslandı”.
Nazir müavini hesab edir ki, 21-ci əsrin cəhətlərindən biri ölkələrin bir-birindən iqtisadi və siyasi cəhətdən qarşılıqlı asılılığıdır. “Bu yeni əlaqələr və əməkdaşlığı diktə edir. Amerika ilə yaxşı və məhsuldar əməkdaşlıq təcrübəsinə malik Azərbaycan bunu qarşıdan gələn illərdə də davam etdirməyə can atır. Amerika, Avropa Birliyi və digər qonşularla müsbət əməkdaşlıq Azərbaycanın siyasi islahatları dərinləşdirmək və bölgədə öz iqtisadi gücünü davam etdirmək üçün bir yoldur. 11 sentyabr hamını və o cümlədən Amerikalıları da dəyişdi. Amerika xalqının gözəlliyi onun yenidən doğulma və özünü yenidən kəşf etmə bacarığındadır. On il sonra, bütün geriləmələrə rəğmən Amerika yenə güclü, qətiyyətli və qüdrətlidir. Bu amerikalıların cəsarətini, potensialını və azadlıq sevgilərini nümayişidir”, - deyə o qeyd edib.